Sadıq Sadıqov: “Gəlin, komandanı bir-birinə vurmayaq”- MÜSAHİBƏ

Sadıq Sadıqov: “Gəlin, komandanı bir-birinə vurmayaq”- MÜSAHİBƏ

Gürcüstan çempionu "Zestafoni"ni 3:0 hesabı ilə darmadağın edən "Neftçi"nin prezidenti Sadıq Sadıqov oyundan sonra jurnalistlərin suallarının cavablandırıb. Siasport.az saytı klub prezidentinin müsahibəsini təqdim edir:

- İlk əvvəl qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı

- Əvvəlcə sizin hamınıza öz minnətdarlığımı bildirirəm. Çünki azarkeşlərin stadiona gəlməsində jurnalistlərin də böyük rolu oldu. Stadionda həqiqətən anşlaq yaşandı. Baxmayaraq ki, yollarla bağlı bəzi problemlər oldu, tıxaclar nəticəsində azarkeşlər oyuna gecikdilər, amma bununla belə, bizə böyük dəstək oldular. Az öncə qeyd etdiyim kimi, bu dəstəkdə sizin də böyük əməyiniz oldu, saytlarda, qəzetlərdə öz yazılarınızla azarkeşləri stadiona dəvət etdiniz.

- "Neftçi"nin cütün taleyini ilk oyundaca həll etdiyini demək olar?

- Yox, hələ onu demək olmaz. Çünki hələ bizi qarşıda daha bir çətin oyun gözləyir və həmin oyuna çox ciddi hazırlaşacağıq. Buna vaxtımız da var. Bildiyiniz kimi, komandaya 7 yeni oyunçu gəlib. Onların eləsi var ki, bu gün ikinci, üçüncü dəfədir "Neftçi"nin formasında meydançaya çıxırdı. Hələ komanda tam olaraq, bir-birinə uyğunlaşmayıb. Yəqin ki, gələcək oyunlarda bunu da görəcəyik. Çalışacağıq ki, uğurlu çıxışımızla Azərbaycan xalqını sevindirək.

- Komandanızın böyükhesabla qalib gələcəyini gözləyirdiniz?

- Xeyr. Yeri gəlmişkən, bu qələbəmizi baş məşqçimiz, hazırda xəstəxanada olan Böyükağa Hacıyevə həsr edirik. İnanıram ki, bu oyun onun şəfa tapmasında rol oynayacaq.

- Sizcə, "Neftçi" bu il avrokubokların qrup mərhələsinə düşə biləcək?

- Allahın qismətidir.

- "Zestafoni"ni mübarizədən kənarlaşdırdıqdan sonra komandaya yeni futbolçular cəlb olunacaq?

- Xeyr, yeni transferə ehtiyac yoxdur. Sadəcə, bu komandaya bir qədər vaxt lazımdır ki, birlikdə oynayıb stabilləşsin. Hələ qarşıda "Zestafoni" ilə cavab qarşılaşmamız var. Bu mərhələni keçək, sonra digər məsələlər haqqında düşünərik. İndidən heç bir proqnoz vermək olmaz. Hər şeyi zaman göstərəcək.

- Komandaya yeni qoşulan futbolçuların çıxışını necə dəyərləndirərdiniz?

- Yeni transferlərimizlə bağlı bütün məlumatları vermişik. Hamısı səviyyəli oyunçulardı, öz ölkələrinin milli komandaılarının şərəfini qoruyurlar. Düzdür, "Zestafoni" ilə matçda Avstriya toplanışda olduğu kimi oynamadılar, amma mən onlara inanıram.

- Yeni transferlərdən ən çox kimin çıxışını bəyəndiniz?

- Gəlin, komandanı bir-birinə vurmayaq. Komanda olaraq oyundan razı qaldım, mənə ləzzət elədi.

Bütün xəbərlər Facebook səhifəmizdə