“Qəbələ” Sloveniyada keçirdiyi ilk yoxlama oyununda məğlub olub

“Qəbələ” Sloveniyada keçirdiyi ilk yoxlama oyununda məğlub olub

Sloveniyada hazırlıqlarını davam etdirən "Qəbələ" artıq ilk yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Qəbələ təmsilçisi oyuna Anar Nəzirov, Vurğun Hüseynov (k), Nodar Məmmədov, Ürfan Abbasov, Daniel Lopez Kruz, Rəşid Əmiraslanov, Aleksandr Çertoqanov, Rəşad Abdullayev, Rövşən Əmiraslanov, Yannik Kamanan, Amil Yunanovla çıxıb.

Məlumat üçün bildirək ki, görüş güclü yağışdan sonra baş tutub. Qarşılaşmanın ilk hissəsi tərəflərin qarşılıqlı hücumları ilə start götürüb. İlk təhlükəli vəziyyət isə Yannik Kamananın aktivinə yazılıb. Fransalı hücumçunun uzaq məsafədən qüvvətli zərbəsi qapıçı səddini aşsa da, qapı tiri hesabın açılmasına imkan verməyib. Əvəzində çexlər vəziyyəti öz xeyirlərinə dəyişməyə müvəffəq olub. Presl Antonin qolu aktivinə yazdırıb.

Qeyd edək ki, ikinci hissəyə "Qəbələ" fərqli heyətlə çıxıb. Beləki, ilk hissədəki start heyətdən yalnız Amil Yunanov və Nodar Məmmədov mübarizəni davam etdirib. İlk hissədən fərli olaraq "Qəbələ" ikinci 45 dəqiqəyə daha sürətli başlayıb. Rəqibin qapısı qarşısında ard-arda təhlükəli vəziyyətlər yaratsa da, son anda qeyri dəqiqlik status-kvonun bərpa olunmasına imkan verməyib. Elmar Baxşıyev, Amil Yunanov, Kamal Mirzəyev və Viktor Mendi əlverişli vəziyyətlərdən yararlana bilməyiblər. Matçın sonlarına doğru Amil Yunanov gənc Seymur Əsədovla əvəzlənib. Beləliklə, "Qəbələ" Sloveniyada keçiridyi ilk yoxlama görüşündən minimal hesablı məğlubiyyətlə ayrılıb. Yüngül zədəsi olan Luis Hilario Dodo və Muammer Erdoğdu isə heyətdə yer almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə