Azərbaycan taekvondoçuları beynəlxalq yarışlarda iştirak edib

Azərbaycan taekvondoçuları beynəlxalq yarışlarda iştirak edib

Azərbaycanın gənc taekvondoçuları ötən günlərdə qonşu ölkələrdə təlim-məşq və beynəlxalq yarışlarda iştirak edib. Taekfondo Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, məşqçi, beynəlxalq dərəcəli hakim Etibar İbrahimov rəhbərliyi ilə "Neftçi" İSM-in yetirmələri Türkiyədəki yarışı 3 medalla başa vurub. Akşehirdə 58 komandanın tərkibində 500-ə yaxın idmançının iştirak etdiyi turnirdə Nərminə (49 kq) və Təranə Məmmədova (55 kq) bacıları qızıl medala, Samir Novruzov (55 kq) isə gümüş mükafata sahib olub. Bu nəticə ilə komanda hesabında 3-cü yeri tutan idmançılarımız bir qədər daha sonra İrana yollanıb.

Məlumat üçün bildirək ki, gənc taekvondoçularımız iyulun əvvəlində Ərdəbildə təlim-məşqlərin ardından növbəti yarışda da yüksək pillələrə layiq olublar. Meşgində İranın 25-dək yerli komandası ilə birgə yarışda Vladislav Subbotin (74 kq) və Anar Aslanov (37 kq) çempion olub. Samir Şirinov (80 kq), Qafur Məmmədov (54 kq), Elçin Əliyev (68 kq) və Anar Mehdiyev (45kq) ikinci yeri, Samir Novruzov (54 kq) isə üçüncü sıranı tutub.

Bundan başqa Rusiya Federasiyasının Saxa Respublikasında (Yakutiya) "Asiya Uşaqları" V beynəlxalq İdman Oyunlarında olimpiya çəkiləri üzrə yarışa qatılan gənc taekvondoçularımızdan iki nəfəri də mübarizəni medalla başa vurub. Babək Əjdərli (48 kq) və Yusif Hüseynli yalnız finalda məğlub olaraq gümüş medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə