Yunis Hüseynov: “Biz rəqibi ilk oyunda gördük”

Yunis Hüseynov: “Biz rəqibi ilk oyunda gördük”

"Nomme Kalyu" – "Xəzər Lənkəran" matçından sonra təşkil olunan mətbuat konfransında hər iki klubun baş məşqçisi oyun haqqında fikirlərini bölüşüb. Siasport.az saytının məlumatına görə, "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov oyuna ciddi hazırlığın görüldüyünü qeyd edib: "Biz rəqibi ilk oyunda gördük, bilirdik ki, onlar yaxşı komandadır. Odur ki, oyuna çox ciddi hazırlaşmışdıq. Oyunçular tapşırıqları lazımi qaydada yerinə yetirdilər və biz qələbə qazandıq. Bu münasibətlə hər bir kəsi, o cümlədən azarkeşləri ürəkdən təbrik edirəm. Rəqib komandaya da qarşıdakı çempionat oyunlarında uğurlar diləyirəm".

Eston klubunun baş məşqçisi İqor Prins ilk oyunda komandasının etdiyi səhvlərin təkrarlandığını vurğulayıb: "Eyni səhvləri yenə də etdik. Cərimə meydançasının önündə top itkiləri elədik, rəqibi asmalarının qarşısını ala bilmədik, onlara qol imkanı yaratmağa mane olmadıq. \"Xəzər Lənkəran\"a növbəti mərhələdə uğurlar arzulayıram."

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə