London olimpiadasında oruc problemi

London olimpiadasında oruc problemi

Londonda təşkil ediəcək Yay Olimpiadasının müsəlmanların müqəddəs Ramazan ayına təsadüf etməsi idman dünyasında yeni bir məsələni gündəmə gətirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Olimpiadada iştirak edən təxminən 3 min müsəlman idmançının oruc tutub-tutmayacağı fikir ayrılığına səbəb olub.


İngiltərə yığma komandasının üzvü Məhəmməd Sbihi orucunu Ramazandan sonra tutacağını söyləyib: "Oruc tutmamaq mövzusundakı qərarımı çoxdan vermişəm. Bu, ailəmlə mənim aramda olan qərar idi. Sonra isə məşqçimə bu barədə fikrimi bildirdim".


Səudiyyə Ərəbistanın Parolimpiya komandasının üzvü Usamə Məsud qızıl medal qazandığı Pekin Olimpiadasında oruc tutduğunu xatırladıb: "Bu normal haldır. Biz 2008-ci ildə Pekin olimpiadasında çıxış edərkən Ramazan ayı idi. Oruc tutmağıma baxmayaraq heç bir problem yaşamadam yarışlarda iştirak etdim".


Olimpiadada Fələstini cüdo yarışlarında təmsil edəcək Maher Abu Rmeileh isə bildirib ki, orucun idmana heç bir aidiyyəti olmamalıdır.


İdman mütəxəssislərinin araşdırmasından sonra məlum olub ki, oruc tutan idmançının yarışlara qatılması və uğur qazanması yalnız onun özündən asılıdır. Lakin əzələ gücü tələb edən yarışlarda performans aşağı düşə bilər.


Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə