Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasında mübarizəyə qoşulan \"Bakı\" \"Dalğa Arena\" stadionunda Sloveniyanın \"ND Mura 05\" klubu ilə qarşılaşıb. Siasport.az saytının Peşəkar Futbol Liqasının rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, qolsuz bərabərliklə başa çatan görüşdən sonra "Bakı"nın baş məşqçisi Novruz Əzimov rəqib komanda haqqında fikirlərini belə ifadə edib: \"Komandamız bu gün pis təsir bağışlamadı. Sadəcə, ötürmələrdə sonluğu dəqiqliklə qoya bilmədik. Komandada hücumçu probleminin olması da nəticənin belə alınmasına təsir göstərdi. Bundan başqa, mən futbolçularıma tapşırıq vermişdim ki, həm birinci, həm də ikinci hissədə qapıya uzaqdan zərbələr endirsinlər. Amma onlar oyun ərzində cəmi bir dəfə bunu etdilər. Verilən tapşırığı yerinə yetirmədilər. Rəqib bu gün peşəkar yox, həvəskar komanda kimi davranırdı. Gördünüz ki, onlar hətta \"Bakı\"nın təqdim etdiyi forma ilə meydana çıxdılar. Rəqibin məşqçisi dedi ki, guya onlar peşəkar komanda deyil, futbolçularının yarısından çoxunun klubla peşəkar müqaviləsi yoxdur. Amma mən onun fikirləriylə razı deyiləm. Əgər futbolçunun klubla müqaviləsi yoxdursa, həmin futbolçu UEFA yarışında iştirak edə bilməz. Avroliqada oynayan hər bir oyunçunun klubla müqaviləsi olmalıdır. Müqavilənin bir surəti isə UEFA-ya verilir. Onlar özlərini kasıb kimi göstərib ikinci hissədə bizim formayla meydana çıxmaqla guya kasıb komanda olduqlarını göstərmək istədilər. Əslində isə onlar kasıb deyillər. Fikrimcə, rəqib komanda bunu qabartmaqla hiyləgərlik edir\".
Qeyd edək ki, komandaların cavab görüşü isə, İyulun 12-də Sloveniyada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB