Azərbaycan və Hindistan arasında idman sahəsində yeni sazişlər imzalanıb

Azərbaycan və Hindistan arasında idman sahəsində yeni sazişlər imzalanıb

Gənclər və idman naziri Azad Rəhimov Hindistanın gənclər və idman naziri Ajay Makenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Siasport.az saytının verdiyi xəbərə görə, görüş zamanı hər iki ölkənin gənclər və idman sahələrində görülən işlər, əldə olunan uğurlar, yeni layihələr haqqında söz açılıb.

Eyni zamanda hər iki ölkənin gənclər və idman sahələrində daha sıx əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanmasının önəmi vurğulanıb və bu istiqamətdə yeni ideyaların üzərində çalışılacağı qeyd edilib.

Azad Rəhimov bildirib ki, "Hindistanda idmanın şahmat növü çox inkişaf edib. Azərbaycanda da bu idman növünə çox böyük maraq var və şahmatçılarımızın uğuru həqiqətən daim bizi sevindirir. Məhz bu idman növündə, eyni zamanda idmançıların müxtəlif idman növlərində qarşılıqlı təlim məşq toplantılarının keçirilməsində, gənclər təşkilatlarının qarşılıqlı əməkdaşlığında çox böyük işlər görülə bilər\".

Nazir Küveyt, Bolqarıstan, Avstriya, Yunanıstan və digər ölkələrdə qarşılıqlı əməkdaşlıq nəticəsində bu ölkələrin tələbələri arasında gerçəkləşən "Mən Azərbaycan haqqında nə bilirəm?" layihəsinin Hindistanlı gənclərlə də keçirilməsinin maraqlı ola biləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, sonda qonaqlara Gənclər və İdman Nazirliyi adından hədiyyələr təqdim olunub.


Ayqün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə