Yoahim Lövdən acı etiraf: "İtaliyaya qarşı oynamaq çətindir"

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv AVRO-2012-nin yarımfinalında İtaliyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra verdiyi açıqlamada, İtaliya millisinin güclü komanda olduğunu və onlara qarşı oynamağın çətin olduğunu etiraf edib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi futbolçularının sona qədər mübarizə apardıqlarını, amma rəqiblərinin də güclü olduğunu dilə gətirib: "İlk hissə bizim üçün yaxşı keçmədi və qapımızda 2 qol gördük. Bu da işimizi çətinə saldı. Bununla yanaşı, 0:2 hesabı ilə İtaliyaya qarşı oynamaq da çətindir. Onlar hamısı müdafiəyə çəkilmişdilər. İkinci hissədə isə 1 neçə qol imkanları yaratdıq. Əgər bunlardan birindən istifadə edə bilsəydik, nəticə və oyun fərqli olacaqdı".
Löv bildirib ki, yarışda mübarizəni dayandırdıqları üçün məyusdurlar: "Düzdür, yetirmələrim ürəklə sona kimi oynadılar. Lakin məğlub olmuşuq və məyusuq. Bunun üçün məğlubiyyətdən nəticə çıxarıb, gələcəkdə daha yaxşı oynayacağımıza ümid edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə