“Tofiq Bəhramov” stadionundan ən son xəbər - FOTO

"Stadionda işlər plan üzrə gedir, hər şey qaydasındadır. Artıq 30 min kreslo quraşdırılıb, tablonun üstü bağlanıb, bu gündən qaçış cığırının da döşənməsinə başlanılıb. Əlavə 2000 kreslo da press lojada quraşdırılacaq". Bu sözləri açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.


İsmayılov istənilən halda, klublarımızın avrokubokların ilkin mərhələsində Respublika stadionunun imkanlarından yararlana bilməyəcəyini deyib: "Bilirsiniz, azarkeşlərin gəlib kreslolarda əyləşməsində heç bir problem yoxdur. Bəs, onlar harada futbola baxacaqlar? Futbol oynamaq üçün qazon tam hazır olmalıdır. Hava şəraiti də nəzərə alınmalıdır. Hazırda +30 dərəcə hərarət var. Tələsmək də olmaz. Bu qədər zəhmət, əziyyət çəkilib, 1 aylıq səbirsizliyə görə çəkilən zəhməti yerə vurmaq da düzgün deyil.


Söhbət təkcə otun döşənməsindən yox, onun altında gedən proseslərdən gedir. Bundan başqa, qaçış çığırı da tam hazır olmalıdır. Bütün bu işlər 1 aya, 1 ay 20 günə tam yekunlaşacaq. Düşünürəm ki, əgər klublarımız avqust ayının 8-10-ə qədər avrokuboklarda mübarizələrini davam etdirsələr, o zaman Respublika stadionunun xidmətindən istifadə edə biləcəklər. Mənim də arzum idi ki, avrokubok oyunları bizim arenada keçirilisn. Ancaq bu, məndən asılı deyil".


Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı təmir işləri ilə əlaqədar Avroliqada Azərbaycanı təmsil edən Bakının üç klubu - "Neftçi", "İnter" və "Bakı" ilkin mərhələdə oyunlarını Mərdəkandakı "Dalğa Arena"da keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...