Gənclərin Avropa çempionatına yekun vurulub

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı başa çatıb. Güləş Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, çempionatın son günündə yunan-Roma güləşi üzrə 55, 66, 84 və 120 kq çəki dərəcələrində görüşlər keçirilib. Yunan-Roma güləşçilərimiz son gündə 2 gümüş və 1 bürünc medal qazanıb. 55 kq çəkidə mübarizə aparan Sakit Quliyev finala qədər maneəsiz irəliləyib. Bu zaman o, ardıcıl olaraq Serbiya, Moldova, Türkiyə və Almaniyadan olan güləşçilər üzərində inamlı qələbələr qazanıb. Yalnız final görüşündə məğlub olan təmsilçimiz Avropa çempionatını gümüş medalla başa vurub. 66 kq çəki dərəcəsində Ceyhun Əliyev də Avropa çempionatını ikinci sırada tamamlayıb və gümüş medal qazanıb. Məlumat üçün bildirək ki, finala qədər Ukrayna, Macarıstan, Moldova və Rusiya güləşçilərini yarışdan kənarlaşdıran Ceyhun, yalnız finalda Xorvatiya təmsilçisinə məğlub olub. 84 kq çəkidə Fuad Əliyev yarımfinala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Litva, Rumıniya, Almaniya güləşçilərinə şans verməyən təmsilçimiz, yarımfinalda bolqar güləşçi ilə görüşdən məğlub ayrılıb. Bürünc medal görüşündə qarşılaşdığı erməni güləşçisinə heç bir şans verməyən Fuad Əliyev iki hissənin sonunda 13:0 hesablı üstünlüklə qalib gəlib və Avropa çempionatının bürün medalını qazanıb. Beləliklə, başa çatan gənclərin Avropa çempionatının son iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz ümumilikdə 2 gümüş və 3 bürünc medal qazanıb. Komanda hesabında 49 xal toplayan güləşçilərimiz 61 xal qazanan Rusiyadan sonra ikinci sırada qərarlaşıb. 48 xal toplayan Türkiyə isə üçüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə