Bakıda Olimpiya Qaçış Günü qeyd edilib

Bu gün paytaxtın Nəsimi rayonunun ərazisində yerləşən Səməd Vurğun adına parkında Olimpiya Qaçış Günü keçirilib. Siasport.az saytının məlumatına görə, tədbirin təşkilatçıları qismində Azərbaycan Respublikası Milli Olimpiya və Paralimpiya Komitələri, Gənclər və İdman Nazirliyi, Britaniyanın Azərbaycandakı Səfirliyi, həmçinin Olimpiya hərəkatının Ümumdünya Tərəfdaşı - Coca-Cola şirkəti çıxış edib. "UK Sport"un Azərbaycan üzrə proqram meneceri Mehman Kərimovun verdiyi xəbərə görə, aksiyanın keçirilməsində başlıca məqsəd müasir Olimpiya hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin yaranmasının 118-ci ildönümünü, Milli Olimpiya Komitəsinin 20 illik yubileyini qeyd etmək və sağlam həyat tərzini təbliğ etməkdir.

Məlumat üçün bildirək ki, Milli Olimpiya Komitəsinin Vitse-prezidenti Çingiz Hüseynzadə öz çıxışında qeyd edib ki, Milli Olimpiya Komitəsinin Coca-Cola şirkətinin dəstəyi ilə təşkil etdiyi Olimpiya Qaçış Günü uşaqlara Olimpiya hərəkatı və dəyərləri haqda məlumat verməklə yanaşı, onları həm də Oyunların ruhlandırıcı gücünə qoşmağa xidmət göstərir.

"Ənənəvi Olimpiya Qaçış Gününün keçirilməsi Azərbaycanın Olimpiya hərəkatını daim dəstəkləməsini nümayiş etdirir. Öz növbəsində, Coca-Cola şirkəti Azərbaycanda sağlam və fəal həyat tərzini təbliğ edə bildiyi üçün çox şaddır və hər zaman çalışır ki, istehlakçılar Olimpiya oyunlarının təkraredilməz və unudulmaz ruhunu duymaq imkanı qazansınlar. İdman tədbirlərinə dəstək artıq yüz ildən artıqdır ki Coca-Cola-nın fəaliyyətinin ayrılmaz hissəsidir". Bu sözləri Coca-Cola MMC LTD şirkətinin Market meneceri Qabil Əhmədov aksiyada vurğulayıb.

Qeyd edək ki, aksiyanın rəsmi açılış mərasimindən sonra iştirakçılar üçün müxtəlif bədii-musiqili və idman nömrələri təqdim edilib. Tədbirdə İnkişaf Naminə İdman İB-i sağlam və əlilliyi olan uşaqlar üçün şən və inklusiv fəaliyyətlərdən ibarət oyunlar təşkil olunub. Ümumtəhsil və idman məktəblərindən olan uşaqlar, adi vətəndaşlar, Coca-Cola, BP-Azərbaycan şirkətləri, Britaniya Səfirliyinin və bir sıra QHT nümayəndələri ilə yanaşı, aksiyaya Ulduz İdmançılar – Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları, Dünya Çempionları da qatılıb. Onların sırasında Paralimpiya Oyunlarının cudo üzrə 2 qat çempion İlham Zəkiyev, Türkiyə Beşiktaş klubunun oyunçusu, 12 dəfə Türkiyə çempionu, 3 dəfə ilin ən yaxşı idmançısı, Avropa klubunun finalçısı Valeri Parşkov, boks üzrə Dünya Çempionu və Sinqapur Olimpiya Oyunlarının iştirakçısı Şabah Şahpələngov, Sinqapur Olimpiya Oyunlarının gümüş mükafatçısı Salman Əlizadə və Kənan Quliyev də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...