Olimpiadaya vəsiqə qazanan boksçular son hazırlığı İtaliyada keçirəcək
Boks üzrə Azərbaycan milli komandası Qəbələdə təlim-məşq toplanışını davam etdirir. Boks Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, Türkiyə milli komandasından sonra Kuba və Bolqarıstan boksçuları da Qəbələyə gələrək birgə toplanışda iştirak edir.
Şərqi avropalıların heyətinə London Olimpiadasına vəsiqə qazanmış 3 boksçu – Aleksandr Aleksandrov (49 kq), Detelin Dalakliyev (56 kq) və Tervel Pulev (91 kq) daxil edilib. Sonuncunu azərbaycanlı idmansevərlər də yaxşı xatırlayırlar. Həmyerlimiz Teymur Məmmədov ötən il Ankarada keçirilən Avropa çempionatının finalında məhz Pulevi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Kuba yığması isə Qəbələdə tam heyətlə (10 boksçu) məşq edir.
Qeyd edək ki, boksçularımız iyulun 5-də İtaliyanın Assizi şəhərinə gedərək orada yerli komanda ilə birgə hazırlıq keçəcəklər. Appenin yarımadasındakı məşqlər iyulun 25-ə kimi davam edəcək. Daha sonra isə olimpiyaçılarımız ilin əsas idman yarışı üçün Londona səfər edəcəklər. Olimpiadaya vəsiqə qazanmış yeganə qadın boksçumuz – Yelena Vıstropova (75 kq) hazırda Rusiyanın Kislavodsk şəhərində fiziki hazırlığını artırır. Ayın 30-u Bakıya gələcək boksçumuz iyulun 9-da İngiltərə Boks Federasiyasının dəvəti ilə Şeffild şəhərinə yollanaraq, yerli idmançılarla hazırlıq keçəcək. Qeyd edək ki, Şefilddə Olimpiadaya lisenziya qazanmış digər ölkələrin bəzi qadın boksçularının da hazırlıq keçməsi gözlənilir.
Məlumat üçün bildirək ki, İtaliyaya təlim-məşq toplanışı üçün yollanacaq komandamızın heyəti aşağıda göstərilib:
Nəriman Abdullayev – Baş məşqçi
Rasim Məmmədov – Məşqçi
İdmançılar: Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91+kq).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB