Tale Heydərov: “Məqsədim Azərbaycan futboluna bacardığım qədər xeyir verməkdir” - MÜSAHİBƏ

Tale Heydərov: “Məqsədim Azərbaycan futboluna bacardığım qədər xeyir verməkdir” - MÜSAHİBƏ

15 yaşlı futbolçular arasında I "Qəbələ Kuboku\" turnirinin açılışından sonra "Qəbələ" klubunun prezidenti Tale Heydərov jurnalistlərə müsahibə verib. SİA-nın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, klub prezidenti ilk olaraq "Qəbələ Kuboku\" turniri barədə danışıb:


- Tale müəllim, "Qəbələ Kuboku\" turnirinin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...


- Futbolun inkişafı üçün rəqabət olduqca vacibdir. Rəqabət olmayan yerdə sadəcə bir klubun inkişafı ilə yaxşı nəticə əldə oluna bilməz. Məqsədimiz odur ki, klubumuzun yaxşı oyunçuları yetişsin. "Qəbələ"nin əsas heyətində akademiyamızın yetirmələri oynasınlar. Bu iş həm də milli komandamızın yeni oyunçularla təmin olunması məqsədi daşıyır. Bunu təmin etmək üçün də istərdik ki, "Qarabağ" kimi digər klublar da belə turnirlərdə iştirak etsinlər.


- "Qəbələ"nin əsas stadionunun 2014-cü ildə istifadəyə veriləcəyini qeyd etdiniz. Bu stadion nə qədər tamaşaçı üçün nəzərdə tutulub?


- Həmin stadion 7 min nəfər üçün planlaşdırılıb. Stadion elə tikiləcək ki, istənilən vaxt onu daha çox tutumlu arenaya çevirmək mümkün olacaq. Bu, oyunlardan asılı olacaq. Gələcəkdə mühüm oyunlar olarsa, stadionun tutumunu artırmaq mümkün olacaq.


- "Qəbələ" üçün gözəl şərait yaradılıb, lakin komandanız bu il avrokuboklardan kənarda qaldı, bu haqda nə deyə bilərsiniz?


- Bizim uzunmüddətli məqsədlərimiz, planlarımız var. Yaxşı olardı ki, bu ilki avrokuboklardan kənarda qalmayaydıq. Bu, futboldur, oyundur, bəzən alınır, bəzən alınmır. Sevindirici hal odur ki, bazamız tamamlanmaq üzrədir. Klubumuzun möhkəm ayaq üstə dura biləcək bazası var. İnfrastruktur yaxşıdır, bizim meydançalarımız indi Azərbaycanda ən yaxşı meydançalardandır. Akademiyamız və stadionumuz tikilməkdədir. Baş məşqçi qarşısında məqsəd qoyulub ki, gələn il çempionluğa, kuboka oynayacağıq.


- Nə zamansa, bəlkə də uzun illər sonra sizi AFFA prezidenti kimi görmək olarmı? Fikrinizdən belə bir şey keçə bilərmi?


- Xeyr. Futbolun inkişafı üçün hansısa vəzifə tutmaq vacib amil deyil. Bu gün gördüyünüz kimi, klubumuz, uşaq futbolumuz inkişaf edir, digər klubları da buraya cəlb edirik. Kimsə həqiqətən Azərbaycan futboluna xeyir vermək istəyirsə, bunu əməldə etməlidir, vəzifə, yaxud başqa gözləntilər üçün bunu etməməlidir. İş görmək lazımdır. Məqsədim odur ki, Azərbaycan futboluna bacardığım qədər xeyir verim.


- Fatih Kavlak yeni mövsümdə komandada qalacaqmı?


- F.Kavlakın göstərdiyi məşqçilik bizi məmnun etdi. Düzdür, kuboka sahib ola bilmədik, amma gələn mövsümdə də o, klubumuzda olacaq. Düşünmürəm ki, gələn mövsüm məşqçi dəyişikliyi edək, çünki mövsüm vaxtı məşqçi dəyişəndə çox vaxt komandaya mənfi təsir edir.


- Çempionatın səviyyəsi sizi qane edirmi?


- Çempionatın səviyyəsi daha yüksək ola bilər. Mənə elə gəlir ki, digər klublar infrastruktura, meydançalara fikir versələr, futbolun baxımı da daha maraqlı və gözəl olar. Onda futbola baxmağa gələnlər də daha çox olar. Bunlar hamısı bir-biri ilə bağlı məsələlərdir. Əsası odur ki, inkişaf gedir.


- Hazırda transfer dönəmində daha çox hansı futbolçulara üstünlük verirsiniz, kimlərlə maraqlanırsınız?


- Həmişə demişəm ki, bu, baş məşqçinin işidir, mən bu işlərə qarışmıram. Əlbəttə, itərdik ki, bizim futbola nəticə verə biləcək futbolçular transfer olunsun. Bu, əcnəbi futbolçu da, yerli futbolçu da ola bilər. Bu səlahiyyəti vermişik baş məşqçiyə.


- "Qəbələ"nin ev oyunlarında hakimliklə bağlı problemləri oldu. Hakimlik sizi qane edirmi?


- Bunu yoxlamaq çətindir, çünki bilmək olmaz bu hakimin səhvidir, yoxsa qərəzli qərarıdır. Azərbaycanda bu, həmişə müzakirə mövzusudur. Mənə elə gəlir ki, bu, düzəlib, daha yaxşıdır. Bəzi oyunlar olur ki, istənilən səviyyədə idarə olunmur. Hakimlər üzərində daha çox işləməliyik. Daha gənc və düzgün niyyəti olan hakimlər yetişdirməliyik.


- Gələcəkdə "Qəbələ Kuboku" kimi bir ənənəvi turnirin tanınmış klubların böyük futbolçulardan ibarət komandaları arasında keçirilməsi planlarınızda varmı?


- Bəli, belə bir plan var. Bizim meydançalarımız da hazırdır, belə turniri keçirməyə şəraitimiz, imkanımız var və bunu planlaşdırırıq.


Elgün Aslanov


Bütün xəbərlər Facebook səhifəmizdə