"Heydər Əliyev kuboku" turniri başa çatıb

May ayının 12-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Heydər Əliyev Cup" futbol turniri keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan, Türkiyə, Avstriya, Özbəkistan, Qazaxıstan, Gürcüstan və Almaniya komandalarının iştirak etdiyi turnir Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyinin dəstəyi, "Odlar Yurdu" diaspora təşkilatının və Avstriyada fəaliyyət göstərən "Azərbaycan Akademik Birliyi" diaspor qurumunun təşkilatçılığı ilə keçirilib.


Azərbaycan Respublikasının Avstriyadakı səfiri Qalib İsrafilov, "Odlar Yurdu" təşkilatının sədri İlham Nağıyev və "Azərbaycan Akademik Birliyi"nin rəhbəri Elvin Süleymanov turnirin açılış mərasimində çıxış edərək Avstriyada təhsil alan əcnəbi gənclər arasında birliyin gücləndirilməsi baxımından tədbirin əhəmiyyətini qeyd edib və turnirdə iştirak edəcək komandanlara uğurlar diləyiblər. Gərgin mübarizə şəraitində keçən turnir Gürcüstan komandasının qələbəsi ilə başa çatıb.


Turnirə yekun isə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə may ayının 13-də London şəhərində keçirilən yarışla yekun vurulub. Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Özbəkistan və Almaniya komandaları iştirak edib. Belarus komandasının qələbəsi ilə başa çatan turnir iştirakçıların və qonaqların böyük marağına səbəb olub.


Mükafatlandırma mərasimində çıxış edən "Odlar Yurdu" diaspora təşkilatının sədri İlham Nağıyev turnirin


qaliblərini təbrik edib və bildirib ki, "Heydar Aliyev Cup" futbol turniri artıq Avropada bir ənənə halına çevrilməyə başlayıb. Qaliblərin olduğu bu yarışın məğlub tərəfi heç vaxt olmayıb. Çünki ümummilli lider Heydər Əliyev cənablarının xatirəsi şərəfinə keçirilən futbol turniri xalqların birliyi, dostluğu və sülh uğrunda keçirilir. Xatırladaq ki, "Odlar Yurdu" təşkilatı tərəfindən 2008-ci ildən etibarən düzənlənən turnir əvvəlki illərdən fərqli olaraq bu il Avropanın bir neçə ölkəsində keçirilib. Belə ki, futbol turniri may ayının 9-da Buxarest, may ayının 11-də isə Praqada şəhərində baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə