Azərbaycan boksçusu ermənini nokauta saldı - FOTOLAR

Fariz Məmmədov: "Mən erməni rəqibimə bir idmançı kimi yox, bir azərbaycanlı kimi qalib gəldim"


"Rəqibim Jeqise Tomasyan hələ döyüşdən əvvəl məni çox əsəbiləşdirmişdi. Demişdi ki, Fariz Tayson deyil ki, türmədən çıxandan sonra qələbə qazansın. Onu da söylədi ki, üçüncü raundda nokauta salacağam". Bu sözləri Almaniyanın Vaysvater şəhərində təşkil olunan döyüşdən sonra peşəkar boksçumuz Fariz Məmmədov deyib.


Qeyd edək ki, yeddi illik fasilədən sonra peşəkar rinqə çıxan F.Məmmədov erməni rəqibi Jeqise Tomasyanı dördüncü raundda nokauta salıb.


"Döyüş mənim gözlədiyimdən də ağır keçdi. Tomasyan elə bil buna qədər internetdə döyüşlərinə baxdığım rəqib deyildi. Qarşıma sanki ayrı insan çıxmışdı. O, bu döyüşə ikiqat güc sərf edirdi. Bütün döyüş boyu mənə qəzəblə baxırdı. Hətta ikinci raundda elə güclü zərbə aldım ki, noqdauna düşdüm. Həmin zərbənin təsirindən hələ də çıxa bilməmişəm. Buna baxmayaraq, döyüşün gedişatında özümü toparlaya bildim və Tomasyanı dördüncü raundda nokauta saldım. Dediyim kimi, bu matç mənim üçün çox ağır oldu. Mən erməni rəqibimə bir idmançı kimi yox, bir azərbaycanlı kimi qalib gəldim" – deyə F.Məmmədov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə