Saleh Bora: “Olimpiadaya gedəcək idmançılardan dünya kubokuna qatılmayanlar olacaq” - MÜSAHİBƏ

Saleh Bora: “Olimpiadaya gedəcək idmançılardan dünya kubokuna qatılmayanlar olacaq” - MÜSAHİBƏ

Azərbaycanın yunan-roma güləşi üzrə yığma komandanın baş məşqçisi Saleh Bora Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya müsahibə verib. Siasport.az saytının məlumatına görə, o, London Olimpiadasına idmançılarımızın hazırlığı və qazanılan lisenziyalar barədə danışıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik:


- Əgər Azərbaycanın yunan-roma güləşi üzrə yığma komandasının London Yay Olimpiya oyunlarına hazırlığını 10 ballıq şkala ilə ölçsək, komandaya neçə bal vermək olar?

- Demək belə, yunan roma güləşində 7 çəki var. Onlardan 5-i artıq lisenziya ilə təmin olunub. Bunlar 55, 60, 74, 84 və 96-dır. Vitaliy Rəhimovun məğlubiyyəti 66 kq-da lisenziyasız qalmamıza səbəb oldu. Bu gün 120 kq çəki dərəcəsində yarışacaq Məsud Həşimzadə yunan-roma güləşi üzrə lisenziya uğrunda mübarizə aparan son idmançımız olacaq.


- Vitaliy Rəhimov hər iki hissədə (2, 3) yarışın bitməsinə son saniyələr qalmış rəqibinə xal verdi. Bunu necə izah etmək olar?

- Mənim fikrimcə bu bəxsizlik idi. Vitalinin rəqibi Pekin Yay Olimpiya oyunlarında məğlub olduğu Rusiya güləşçisi İslam-Beka Albiyev idi. Özünüz də gördüyünüz kimi ilk hissə Rəhimovun xeyrinə qurtardı. 2-ci hissənin sonuna 2, 3-cü hissənin isə sonuna 1 saniyə qalmış Vitaliy xalları rəqibə verdi.


- Əgər Vitaliy rəqibinə Pekində, olimpiya oyunlarında məğlub olmuşdusa, burada uğursuzluq Olimpiadanın bir addımlığında yaşandı.

- Pekində Vitaliy də İslam da 60 kq çəki dərəcəsində yarışırdılar. Artıq hər ikisi 66 kq-da mübarizə aparır. Özünüz gördüyünüz kimi İslam da olimpiadaya vəsiqə qazana bilmədi. Bilirsiniz, gənc, yeni nəsil gəlir. Təbii ki, onlar yavaş-yavaş öz sözlərini deyirlər.


- Saleh müəllim, Pekin Yay Olimpiya oyunları ilə müqayisədə, London Yay Olimpiya oyunlarına hazırlığı necə qiymətləndirmək olar? Ümumiyyətlə siz komandaya bəş məşqçi təyin olunduqdan sonra hansı güclü idmançını "mən yetişdirdim" - deyə bilərsiniz?

- Düzü mənə bu barədə danışmaq çox çətindir. Mən yunan-roma güləşi üzrə yığma komandaya cəmi 7 aydır ki, baş məşqçilik edirəm. Hansısa idmançını yetişdirməyim haqda danışmağa ixtiyarım da yoxdur. Mən, yaxşı idmançıları daha güclü vəziyyətə gətirməyə çalışmışam. Amma, bir məqam var ki, 2011-ci ildə komandanın cəmi iki lisenziyası var di, artıq lisenziyaların sayı bu günə 5-dir. Bir də mənim üçün önəmli olan fakt lisenziyaların yox, medalların sayıdır.


- London Yay Olimpiya oyunlarına çox az qalır. Amma siz hələ də yunan-roma güləşi üzrə Azərbaycanı təmsil edəcək idmançıların adlarını söyləmirsiniz. Bəlkə indi onların adlarını bizə deyəsiniz?

- Deyə bilmərəm. Artıq hər çəki üçün 2 idmançı ayırmışam. Təbii ki, onlardan biri gedəcək. Mən bunu onların rahatlanmaması üçün edirəm. Ancaq bir məqamı diqqətə çatdırım ki, dünya kubokuna qatılmayacaq güləşçilər, Londona gedənlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə