\"Şaxtyor\" Ukrayna kubokunun sahibi oldu

\"Şaxtyor\" Ukrayna kubokunun sahibi oldu
Məlum olduğu kimi dünən Bakı vaxtı ilə 21-30-da Kiyev şəhərindəki "Olimpiya\" stadionunda Ukrayna kuboku uğrunda final oyunu keçirilib. SİA-nın Ukrayna bürosundan aldığımız məlumata görə, Donetsk şəhərinin iki komandası - \"Metalurq\" və \"Şaxtyor\" arasında keçirilən final oyunu 120 dəqiqə oynanılıb.

İlk yarıda hesabı Şaxtar komandasının 29-nömrəli oyunçusu Aleks Teyşeyra açaraq Mirka Luçeskunun komandasının daha güclü olduğunu sübut edib. İkinci yarının sonlarına yaxın Metalurqun 7 nömrəli oyunçusu Mıkola Morozyuk hesabı bərabərləşdirib. Oyunun əsas vaxtı 1:1 olduğu üçün əlavə 30 dəqiqədə oynanılıb.

Əlavə vaxtda \"Şaxtyor\"un 5 nömrəli oyunçusu Oleksandr Kuçerin vurduğu qol oyunun taleyini həll edib. Ukrayna kubokuna \"Şaxtyor\" 2:1 hesablı qələbə ilə nail olub. 78000 tamaşaçı tutumu olan Ukraynanın Olimpiya stadionunda 47314 tamaşaçı final oyununu izləyib.

\"\"

Tamaşaçılar arasında xeyli həmvətənlilərimizin də olduğunu görüb onlara yaxınlaşdıq. Əlində Azərbaycan bayrağını tutan balaca Sadiqin fikirlərini öyrəndik: "Bu gün gözəl final oyununu izlədik. Bir neçə aydan sonra bu stadionda Avropa çempionatı keçiriləcək, çox istərdim ki, Azərbaycan da burada oynasın, biz isə onlara tamaşaçı dəstəyimizi göstərək".


Əlmaniz Ələkbərli, Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə