Boksçularımız Umaxanov turnirində iştirak edir

Dağıstanın Kaspiysk şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə start verilib. Siasport.az saytının məlumatına görə, keçirilən yarışda Rusiya, Polşa, Braziliya, Latviya, Ukrayna, Türkmənistan, Ermənistan və Dağıstan komandaları iştirak edir. Azərbaycanı turnirdə məşqçilər Salam Bağırovla Elçin İbrahimlinin rəhbərliyi altında gənc boksçular təmsil edirlər.

Qeyd edək ki, heyətdə yer alan idmançılar müxtəlif cəmiyyətlərin yığma komandalarını təmsil edir. Umaxanov turnirində 7 boksçumuz – Fərid Atamoğlanov, Əbdürrəhim Şirinov (hər ikisi 52 kq), Salman İbrahimov (60 kq), Elnur Zeynalov, Ruslan Qasımov (hər ikisi 64 kq), İsmət Eynullayev, Bəxtiyar Nadirov (hər ikisi 69 kq) mübarizə aparır. Bunlardan Eynullayev və Qasımov təcrübəlidir. Onlar dəfələrlə ölkə çempionatının mükafatçısı olublar. Ruslan Qasımov 2009-cu ildə Milanda keçirilmiş dünya çempionatında iştirak edib.

Məlumat üçün bildirək ki, turnirə mayın 5-də Əli Əliyev adına idman sarayında yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...