Norveçin ən yaxşı idmançısı məşqdə öldü

Dünya çempionu Aleksandr Dale Oen ürək tutmasından dünyasını dəyişib


2011-ci ildə üzgüçülük üzrə dünya çempionu olmuş norveçli Aleksandr Dale Oen ABŞ-da dünyasını dəyişib. Onun 26 yaşı var idi. Norveçin Üzgüçülük Federasiyasının məlumatına görə, idmançı Amerikanın Flaqstaff şəhərində məşq keçirmiş.


Axşam məşqində yoldaşları duş qəbul etməyə gedən tanınmış idmançının qayıtmamasından şübhələniblər. Onlar vanna otağında Aleksandr Dale Oeni huşsuz vəziyyətdə tapıblar. Həkimlərin rəyinə görə, üzgüçü ürək tutmasından ölüb.


Aleksandr Dale Oen 2008 və 2010-cu illərdə Avropa çempionatının qalibi olub, 2008-ci ildə Pekin olimpiadasında gümüş medal qazanıb. O, 2011-ci ildə Şanxaydakı dünya çempionatında qızıl medala sahib olub.


Aleksandr Dale Oen ötən il ümumxalq səsverməsi nəticəsində Norveçin ən yaxşı idmançısı seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə