Qərb ölkələri nümayəndələri sabiq baş nazir Timoşenkonun həbsinə etiraz edirlər


Ukrayna höküməti sabiq baş nazir Timoşenkonun həbsinə görə tənqid hədəfinə düşdüyü bir arada, rəsmi Kiyev Qərbin Avro-2012 futbol çempionatını boykot etmək hədələrini, "soyuq müharibə taktikası" kimi qiymətləndirib. Artıq bir sıra Avropa liderləri səlahiyyətləri aşdığına görə 7 il həbs cəzası almış keçmiş nazirin müalicə olunmamasına etiraz olaraq bu ölkəyə səfərlərini təxirə salıb. Onların arasında Avropa Komissiyasının prezidenti Joze Manuel Barosso və Avropa Şurasının Ədliyyə üzrə Komissarı Vivian Ridinq də var.


Boykot sədaları Ukrayna cəmiyyətində müxtəlif reaksiyalara səbəb olub.


"Hesab edirəm ki, başqa ölkələrin bizim ölkədəki vəziyyətlə bağlı narahat olması yaxşı haldır. Ona görə ki, bu ölkədə insanlar qorxu içindədir", - deyə sakinlərdən biri bildirib.


"Bu sadəcə bir manipulasiyadır. Onlar mütləq gələcəklər", - deyə digər sakin qeyd edib.


"Düşünürəm ki, onlar sözü havaya demirlər. O bizim siyasətçilərdi ki, bu gün bir söz deyir, sabah isə dediyini geri götürür", - başqa bir sakin vurğulayıb.


Angela Merkel hələlik boykot variantı üzərində tam qərarlaşmayıb. Almaniya hökümətində heç də bütün siyasətçilər bu addımın vacib olduğunu düşünmür.


"Mən heç də futbol matçlarının boykot olunmasının tərəfdarı deyiləm. Düşünürəm ki, mətbuatın çempionata olan marağı müxalifətin xeyrinə olacaq. Diktatorlar isə "şeytan müqəddəs sudan qorxan kimi" Kütləvi informasiya vasitələrinin onların bütün hərəkətlərini mikroskop altında izləyəcəyindən qorxur. Bununla belə siyasətçilərin rejimin xeyrinə olacaq qərar verməkdən daşınmalı olduqlarını hesab edirəm", - Almaniya ətraf mühit naziri Norbert Rötgen bildirib.


Qeyd edək ki, hazırda keçmiş baş nazirin Xarkov həbsxanasında aclıq aksiyasını davam etdiriyi xəbər verilir. Timoşenko bununla həbsxana əməkdaşlarının ona qarşı etdiyi zorakı davranışlara etiraz etdiyini bildirib. O iddia edir ki, həbsxana nəzarətçiləri onu müalicə üçün məcburi şəkildə xəstəxanaya aparan zaman, ayaqlarını və qollarını buraraq, qarnına yumruq zərbəsi endirib.


Keçmiş nazir Rusiya ilə Ukrayna arasında enerji sazişi bağlanan zaman səlahiyyətlərini aşdığına görə 7 illik həbs cəzası çəkir

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...