Zaqatalada “Live Your Goals” festivalı keçirilib

Zaqatalada “Live Your Goals” festivalı keçirilib

Zaqatala şəhərində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı çərçivəsində "Live Your Goals" – "Öz Məqsədini Yaşat" festivalı keçirilib. Siasport.az saytının məlumatına görə, tədbirlə əlaqədar əvvəlcə mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında Zaqatala Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, futbol veteranı Rüstəm Rəhimov, müğənni Əfqan Hudulov və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının oyunçusu Şahnaz Məmmədova iştirak edib. Mətbuat konfransı başa çatdıqdan sonra tamaşaçıların alqış sədaları altında FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotu Top-top Qız rəqs edərək stadiona daxil olub. Tədbirin aparıcısı maskotla bağlı tamaşaçılara ətraflı məlumat verərək festivalı açıq elan edib.

Qeyd edək ki, çıxış edənlər bu festivalın Zaqatalada keçirilməsindən məmnun olduqlarını bildirib, belə tədbirlərin qadın futbolunun təbliğində əhəmiyyətli rol oynadığını qeyd edib. Estrada ulduzu Əfqan Hudulovun həm Azərbaycan, həm də ingiliscə ifa etdiyi mahnılar tamaşaçılarda şən əhval-ruhiyyə yaradıb.

Məlumat üçün bildirək ki, xüsusi təyin olunmuş məşqçilərin rəhbərliyi ilə futbol meydançasında festivalın qonaqlarına göstərilən master-klass tamaşaçıların böyük marağına səbəb olub. Festivalın sonunda tamaşaçılar dünya çempionatının maskotu Top-top Qızla şəkil çəkdirmək imkanı əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə