Azərbaycan daha bir olimpiya lisenziyası qazandı

Azərbaycan daha bir olimpiya lisenziyası qazandı
Çinin Tayuan şəhərində keçirilən London Yay Olimpiya Oyunlarına vəsiqə verən Dünya təsnifat turniri başa çatıb. Siasport.az saytının məlumatına görə, turnirin son günündə yunan-Roma güləşi üzrə yığma komandanın üzvü Şalva Qadabadze (96 kq) inamlı mübarizə apararaq turnirin qalibi adını qazanıb və Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Şalva Qadabadze ardıcıl olaraq özbək Yevgeni Açkasov (3:0, 0:1, 4:0), ukraynalı Sergey Veroşkin (2:1, 1:0), gürcü Soso Cabidze (1:0, 2:0) və çex David Valanı (1:0, 2:0) məğlub edib. Finalda italiyalı Dayqoro Timonçini də (0:4) tam üstünlüklə məğlub edərək turniri qalib kimi tamamlayıb.

Qeyd edək ki, bu, güləşçilərimizin London Olimpiadasına 12-ci lisenziyası olub. Buna qədər yunan-Roma güləşi üzrə Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq), sərbəst güləşdə Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (90 kq), Cəmaləddin Məhəmmədov (120 kq) və 2 qadın güləşçimiz – Mariya Stadniklə (48 kq) Yuliya Ratkeviç (55 kq) Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Xatırladaq ki, mayın 4-6-da Finlandiyanın Vantaa şəhərində güləş üzrə sonuncu lisenziya turniri keçiriləcək. Həmin turnirdə güləşçilər daha 6 lisenziya qazana bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə