Qadın taekvondoçumuz milli mükafata layiq görülüb

Qadın taekvondoçumuz milli mükafata layiq görülüb

Taekvondoçu Fəridə Əzizova Müstəqil Milli-İctimai "Humay" Mükafatına ("ilin müvəffəqiyyəti") layiq görülüb. Taekvondo Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, perspektivli taekvondoçu "Bakılı" Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən təsis edilən bu mükafata, son zamanlar əldə etdikləri nailiyyətlərə görə layiq görülüb. F.Əzizova həm də "Humay" mükafatının ən gənc sahiblərindən biridir. London Olimpiadasına vəsiqə qazanan idmançı, bu ilin fevralında "US Open"in finalçısı və apreldə gənclər arasında dünya çempionatının qalibi olub. Fəridə Əzizovanı qarşıda ilin ən məsul yarışları, mayın əvvəlində böyüklər arasında Avropa çempionatı və Olimpiya oyunları gözləyir.

Qeyd edək ki, Müstəqil Milli-İctimai Humay Mükafatı ("ilin müvəffəqiyyəti") "Bakılı" Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən 1993-cü ilin avqust ayında təsis edilib. Mükafat ilk dəfə 1994-cü ilin 19 Mart günü Novruz Bayramı ərəfəsində təltif edilib. Mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və "Bakılı" cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar Humay Akademiyası üzvləri tərəfindən müxtəlif sahələrdəki uğurlara görə müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə