“Xəzər Lənkəran” klubu “Neftçi” ilə 25-ci duelə hazırlaşır- Statistika

“Xəzər Lənkəran” klubu “Neftçi” ilə 25-ci duelə hazırlaşır- Statistika
Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində ölkənin ən güclü komandaları üz-üzə gələcək. Siasport.az idman portalının məlumatına görə, "Xəzər Lənkəran" və "Neftçi" növbəti dəfə üz-üzə gələcək. Bir sıra məqamlarla diqqət çəkən bu dəfəki matç yubiley xarakteri daşıyır. Belə ki, ölkə futbolsevərləri 25-ci dəfə "Böyük oyun"a şahidlik edəcək. Ümumilikdə isə indiyədək "Neftçi" ilə "Xəzər Lənkəran" 22 çempionat və 2 kubok qarşılaşmasında prinsipial matça çıxıb. 25-ci oyun ərəfəsində ümumi balansda üstünlük Flaqmanın tərəfindədir. Daha çox heç-heçənin qeydə alındığı duellərdə "Neftçi" 7, "Xəzər Lənkəran" 6 qələbə qazanıbsa, 11 matç "sülh"lə bitib. Paytaxt təmsilçisinin 25 qoluna cənublular 21 dəfə cavab verib. Məlumat üçün bildirək ki, Lənkərandakı görüşlərdə isə, "Xəzər Lənkəran" üstünlüyə malikdir. Lənkəran təmsilçisi ev sahibi olduğu 11 qarşılaşmada 4, qonaqlar isə bunun yarısı qədər - 2 dəfə qalib gəlib. 5 dəfə qalibi müəyyənləşdirə bilməyən rəqiblərin duellərində meydan sahibləri 9, qonaqlar isə 6 dəfə qol vurub. "Neftçi" bu dəfəki "Böyük oyun"un keçiriləcəyi Lənkəran şəhər stadionunda qələbə qazana bilməyib. Bakılılar hər 2 qələbəsini Lənkəran Olimpiya idman Kompleksinin arenasında qeyd edib.

Xatırladaq ki, sonuncu belə hal isə 5 il əvvələ təsadüf edib. 2007-ci il noyabrın 10-dan sonra isə, "Neftçi" Lənkəranda qələbə görməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə