London Olimpiadasına 32-ci olimpiya lisenziyasını da qazandıq

London Olimpiadasına 32-ci olimpiya lisenziyasını da qazandıq

Azərbaycan London Olimpiadasına 32-ci olimpiya lisenziyası qazanıb. SİA xəbər verir ki, onun sahibi Türkiyənin Trabzon şəhərində Avropa Olimpiya lisenziyası turnirinin dörddə bir final döyüşündə qələbə qazanmış Məhəmməd Əbdülhəmidovdur (56kq). Onun rəqibi 2010-cu ilin Avropa çempionu, Almaniya bayrağı altında çıxış etmiş Denis Makarov olub. Görüş 13:4 (4:2, 4:1, 5:1) hesabı ilə Azərbaycan idmançısının xeyrinə başa çatıb.

Bu, Azərbaycan boksçularının əldə etdikləri altıncı olimpiya lisenziyasıdır.

Ümumiyyətlə, bu günədək Azərbaycan olimpiyaçılarının aktivində 11 növdə 33 idmançı tərəfindən qazanılmış 32 olimpiya lisenziyası vardır.

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov idmançılarımızın altıncı lisenziyanı əldə etmələrindən və ümumiyyətlə komandanın bu turnirdəki iştirakından razı qaldığını bildirib. O deyib ki, bu M.Əbdülhəmidov üçün çox vacib döyüş idi və o, layiqli qələbə qazanıb. Əlbəttə ki, idmançılarımızın hamısı lisenziya qazana bilmədilər. Amma nəzərə almalıyıq ki, bu çox çətin turnir idi, bütün ölkələr bu sonuncu imkandan istifadə edərək olimpiadaya lisenziya qazanmaq istəyirdilər. Bununla belə bizim hələ bir şansımız da vardır. Ümid edirik ki, Vətən Hüseynli də Londona lisenziya qazanacaqdır.

İdmançılarımızın London Olimpiadasına hazırlığına toxunan K.Heydərov deyib ki, olimpiadaya üç aya yaxın vaxt qalıb. İdmançılarımız Londonda qələbə qazanmaq üçün həm fiziki, həm də idman texnikası baxımından öz üzərlərində daha çox çalışmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə