“Xəzər Lənkəran” 29-cu duelə hazırlaşır

“Xəzər Lənkəran” 29-cu duelə hazırlaşır
Premyer Liqanın XXIV turunda "Bakı" ilə qarşılaşan "Xəzər Lənkəran" XXVIII turda yenə eyni rəqiblə üz-üzə gələcək. Siasport.az saytının məlumatına görə, cəmi 25 gün öncə, martın 19-da Lənkəranda qonaq etdiyi paytaxtın eyniadlı təmsilçisinin qonağı olacaq Lənkəran təmsilçisi həmin 0:1 məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Səfər görüşü həm də bu rəqiblə oyunların ümumi balansında tarazlıq yaratmaq şansıdır.

Xatırladaq ki, 29-cu duelədək baş tutan 28 matçda "Bakı" 9, "Xəzər Lənkəran" 8 dəfə qalib gəlib. Qalan 11 matç isə heç-heçə ilə bitib. Top fərqində isə komandamız böyük üstünlüyə malikdir – 27:22. Bu da "Xəzər Lənkəran"ın rəqibini 3 dəfə eyni – 3:0 hesabı ilə məğlub etməsi ilə bağlıdır.

Qeyd edək ki, əvvəlki 28 oyunun 21-i çempionat, 7-si kubok yarışlarında olub. Lənkəran təmsilçisi Premyer Liqada 6 dəfə məğlub etdiyi rəqibə 5 dəfə uduzub. 10 dəfə komandalar "sülh"lə ayrılıblar. "Bakı"nın qapısına 22 top vuran "Xəzər Lənkəran" öz qapısından cəmi 14-nü buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə