UEFA-nın əməliyyatlar üzrə direktoru Martin Kalen bildirib ki, 2012-ci ildə futbol üzrə Avropa çempionatının final matçlarına bütün biletlər satılıb.
Futbol funksioneri bildirib ki, Avro-2012-nin arenalarının heç birində boş yer olmayacaqdır: "Əldə olan məlumata görə, çempionata bütün biletlər satılmışdır. Əslində bu mövzuya nöqtə qoyub futbol mövzusuna keçmək olar. Bu çempionat çox əlamətdar olacaqdır. Avropada futbol tarixində biz heç vaxt çempionata bu dərəcədə maraq göstərilməsinin şahidi olmamışıq".
M.Kalenin sözlərinə görə, Ukrayna-Polşa turniri futbol yarışlarına bilet almağa maraq baxımından bütün rekordları geridə qoyub. Belə ki, həmin turnirə bilet sifarişlərinin sayı 12 milyondan çox olub!
UEFA-nın əməliyyatlar üzrə direktoru bildirib ki, bilet satışı kampaniyaları dövründə ən çox fəallıq göstərən azarkeşlər - çempionata ev sahibliyi edəcək iki ölkənin, habelə İngiltərə, Niderland və İsveçin nümayəndələridir. Qitə birinciliyi matçlarına ən çox bilet alan da bu azarkeşlər olub.
M.Kalen vurğulayıb ki, Avropa Futbol İttifaqı biletlərin alıcılara göndərilməsi məsələsini bilə-bilə ləngidir, çünki həmin biletlərin saxtalaşdırılmasına yol verməmək üçün bir neçə müdafiə dərəcəsi tətbiq ediləcəkdir.
M.Kalen qeyd edib ki, biletlərin rəsmi təqdimat mərasimi Kiyevdə və Varşavada eyni vaxtda – aprelin 23-də keçiriləcəkdir: "Yeni biletlərin müdafiə dərəcələrinin sayı beşdən artıq olacaq, yaxın vaxtlarda biletləri azarkeşlərin ünvanlarına göndərməyə başlayacağıq. Biletlərin pulunu ödəmiş şəxslərin hər biri həmin biletləri poçtla alacaqdır. Sizi əmin edirəm ki, bu qayda ilə bütün azarkeşlərin turnir başlayana qədər öz biletlərini alması təmin olunacaq, saxta biletlər hesabına varlanmaq niyyətində olan fırıldaqçılar isə qısa müddətdə yəqin ki, buna nail ola bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB