YAP Gənclər Birliyinin sədri Atçılıq Federasiyasının nümayəndələri ilə görüşdü- Foto

YAP Gənclər Birliyinin sədri Atçılıq Federasiyasının nümayəndələri ilə görüşdü- Foto

Bu gün Binə Cıdır Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyevlə görüş keçirib. Siasport.az saytının məlumatına görə, görüşün məqsədi Prezidentin sərəncamı ilə 2012-ci ilin "İdman ili" olunması istiqamətində birlik tərəfindən federasiyalarla daha sıx əlaqələrin yaradılması və bu istiqamətdə işlərin geniş səviyyədə görülməsi olub. Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd etdi ki, 2012-ci ilin "İdman ili" elan olunması dövlət başçısının idmana verdiyi qiymətin, göstərdiyi diqqətin nümunəsidir. O, qeyd edib ki, 200 minə yaxın gənci öz ətrafında birləşdirən birliyin tərkibində müxtəlif idman növləri ilə məşğul olan gənc var: "Artıq ali, mötəbər idman tədbirləri ölkəmizdə keçirilir və bu da Azərbaycanın idman sahəsindəki uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir. Azərbaycanda idmanın inkişafı ilə bağlı siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün dövlətimiz, şəxsən ölkə Prezidenti İlham Əliyev tərəfindən idman sahəsinə böyük diqqət və qayğı var. Digər tərəfdən, bu tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait, imkan var. Bunu dünya idman təşkilatları təsdiqləyir və bu səbəbdən də bu yarışlar reallaşır. Bizdə öz növbəmizdə ölkə Prezidentinin sərəncamına uyğun olaraq idman federasiyaları ilə əlaqələri qurmağa çalışırıq".

Bundan əlavə atçılığın inkişaf tarixindən danışan Seymur Orucov bildirdi ki, Azərbaycanda atçılıq qədim peşə olub: "Qarabağ atları bütün dünyada məşhurdur. Qarabağ atı qədim Azərbaycan atlarının bir cinsidir. Hələ Ərəb atı haqqında heç bir məlumat olmadığı qədim dövrdə Azərbaycan atları, o cümlədən də Qarabağ atı tanınmış, şöhrət qazanmış və bir çox Şərq ölkələrində geniş yayılaraq, ən qiymətli atlardan sayılıb. Lakin, atçılığa ən ağır zərbəni ermənilər vurub. Belə ki, məşhur cinslər yetişdirilən fermalar ermənilərin işğalı altında qalaraq məhv edilib. Buna baxmayaraq, hazırda atçılıq ölkəmizdə inkişaf edir. Hər zaman Atçılıq Federasiyasının yanındayıq".

Görüşün sonunda YAP Gənclər Birliyinin sədri Seymur Orucov birliyin adından Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyevə xatirə şəkli hədiyyə etdi. Bəhruz Nəbiyev isə, öz növbəsində YAP Gənclər Birliyinə təşəkkürünü bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə