Xəqani Məmmədov: "Kənardan bu peşə asan görünsə də..."- Müsahibə

Xəqani Məmmədov: "Kənardan bu peşə asan görünsə də..."- Müsahibə

Xəqani Məmmədov bir neçə il öncə "İnter" komandasının heyətində Azərbaycan çempionluğunu yaşayıb və çempionatın ən yaxşı bombardiri adına layıq görülüb. Siasport.az saytının məlumatına görə, hazırda isə o, futbolçu karyerasını başa vuraraq məşqçilik fəaliyyətinə başlayıb. Qeyd edək ki, "İnter"in Uşaq Gənclər Futbol Mərkəzində 2001-ci il təvəllüdlü uşaqlardan ibarət komandasında baş məşqçinin köməkçisi vəzifəsində çalışan Xəqani Məmmədovun klubun rəsmi internet saytına müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

Öncə sizi yeni təyinatla bağlı təbrik etmək istərdik.

- Çox sağ olun!

Bilmək istərdik, məşqçi olmaq istəyi sizdə nə zaman yarandı?

- Bu fikir məndə hələ futbolçu olan zaman yaranmışdı. Artıq bir neçə aydır məşqçi fəaliyyətinə başlamışam. Ümid edirəm ki, bu iş mənim üçün uğurlu olacaq. Demək istərdim ki, kənardan bu peşə asan görünsə də, əsla belə deyil. Məşqçi işi çox çətindir.

Məşqçi karyerasına məhz "İnter"də başlamağa hansı amil təkan verdi?

- Məndə "İnter" komandası haqqında ancaq yaxşı xatirələr qalıb. "İnter" peşəkar klubdur və burada çox dostlarım var. Bu klubda işləmək fikri ürəyimdən keçdi, daha sonra öz istəyimi klubun prezidenti Georgi Nikolova bildirdim, o da təklifimə müsbət cavab verməklə məni çox sevindirdi. Mənim üçün burada çalışmaq çox xoşdur, məhz bu səbəbdən də "İnter"i seçdim.

"İnter" sizin üçün yad komanda deyil- uzun müddət bu klubun şərəfini qorumusunuz. Fikrinizcə, bu amil sizin buradakı məşqçilik fəaliyyətinizdə öz müsbət təsirini göstərə bilərmi?

- Əlbətdə, bu amil öz köməyini göstərəcək. Yenə təkrar edirəm ki, futbolçu olarkən də "İnter"də çox yaxşı günlər yaşamışam və istərdim ki, məşqçilik fəaliyyətimdə də həmin uğurları əldə edim. Ümid edirəm ki, yeni işim mənim üçün düşərli olacaq.

Qeyd etdiniz ki, bir-neçə ay məşqçi işləyirsiniz. Maraqlıdır, bu müddət ərzində həmin peşənin hansısa sirlərini və digər xüsusiyyətlərini öyrənə bildiniz?

- Kənardan baxanda adama bu iş çox asan görünür, lakin bu işin içində olduğum qısa müddət ərzində anladım ki, məşqçi sənəti çox mürəkkəbdir. Bu işin çox incə məqamları var. Böyük sayda dərsliklərlə tanış olmalısan, digər amilləri nəzərə almalısan. Mənə hələ çox şey öyrənmək lazım olacaq. Ümid edirəm ki, tədricən bunu edə biləcəyəm. Kiçik işdən başlayıb irəlidə daha böyük işə keçmək istəyirəm.

İndiki işiniz kiçik yaşlı futbolçularla bağlıdır. Onlarla çalışmaq üçün məşqçidə məşqçi keyfiyyətlərindən əlavə müəllim-pedagoji xüsusiyyətlər da olmalıdır. Öyrənmək istərdik, siz bu keyfiyyətlərə maliksinizmi?

-Məncə var. Bilirəm ki, kiçik uşaqlarla işləmək üçün onlara təkcə məşqçi yox, dost və hətta valideyn olmalısan. Uşaq məşqçilərində bütün bu xüsusiyyətlər olmalıdır. Sən hər dəqiqə uşağın yanında olub, ona kömək göstərməlisən.

Məşqçiliyə yeni başlayanlar adətən ixtisas artımı kurslarında və seminarlarda iştirak edirlər. Belə tədbirlərdə iştirak etmək planınız var?

-Əlbətdə. Aprelin 9-da Bakıda belə bir kursların keçirilməsi planlaşdırılır və mən də oraya sənədlərimi təqdim etmişəm. İnşallah, orada iştirak edərək özüm üçün yeni lisenziya ala biləcəyəm.

Bütün xəbərlər Facebook səhifəmizdə