Aprelin 20-22-də Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək. Güləş Federasiyasının mətbuat katibliyindən Siasport.az saytına verilən xəbərə görə, sərbəst güləş yığmamız 3 çəki dərəcəsində lisenziya uğrunda yarışacaq. Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Xetaq Qazyumov (96 kq, Aslanbek Alborov (ehtiyat)) ilk lisenziya turnirinə yollanacaq idmançılardır. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamız digər 4 çəkidə (Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq)) Olimpiadaya vəsiqəni artıq təmin edib. Yunan-roma güləşçilərinə gəldikdə isə, məşqçilər Salih Bora və Mutaalib Yerlikayanın rəhbərliyi altında 5 çəki dərəcəsində Olimpiya lisenziyası hədəfləyib. Həsən Əliyev (60 kq, Kamran Məmmədov (ehtiyat)), Vitali Rəhimov (66 kq, Rüstəm Əliyev (ehtiyat)), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq, Maksim Proxorov (ehtiyat)) Bolqarıstana yollanacaq heyətdə yer alıb. Xatırladaq ki, yunan-Roma yığmamız, ötən ilki dünya çempionatında, 2 çəkidə (Rövşən Bayramov (55 kq), Saman Təhmasibi (84 kq)) Olimpiya lisenziyası qazanıb. Məlumat üçün bildirək ki, qadın güləşçilər Olimpiya Oyunlarında 4 çəki dərəcəsində mübarizə aparır. Yığma komandamızın hesabında 1 lisenziya (Mariya Stadnik (48 kq)) artıq var. Bolqarıstanda keçiriləcək turnirdə yığmamız baş məşqçi əvəzi Maqomed Aliomarov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında Yuliya Ratkeviç (55 kq), İrina Netreba (63 kq, Nadya Sementsova (ehtiyat)) və Dina İvanova (72 kq) ilə təmsil olunacaq. Xatrıladaq ki, Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya kateqoriyalı referi Əjdər Cəfərov Sofiyada təşkil olunacaq ilk lisenziya turnirində ölkəmizi hakim kimi təmsil edəcək. Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 2 güləşçi (finalçılar) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB