Suriyaya qarşı Olimpiya qadağası

Suriyaya qarşı Olimpiya qadağası

Böyük Britaniyanın baş naziri Devid Kemeron Suriya prezidenti Bəşər Əsəd başda olmaqla onun ailəsinin, eləcə də Suriyanın onlarla məmurunun Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına gəlməsini qadağan edib. Bu barədə məlumatı Rusiyanın İTAR-TASS agentliyi yayıb.


Xəbər verilir ki, D.Kemeron Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq ilə görüşdən sonra siyasətçilərin günahına görə idmançıları cəzalandırmaq niyyətində olmadıqlarını vurğulayıb. Buna görə də Suriya idmançıları olimpiadada iştirak edəcəklər. J.Roq isə suriyalı idmançıların dörd illiyin böyük hadisəsinə ölkələrinin deyil, BOK-un bayrağı ilə çıxması ehtimalının mümkünlüyündən söhbət açıb.


Qeyd edək ki, hazırda Avropa Birliyinin "qara siyahı"sında Bəşər Əsəd rejimi ilə bağlı 126 şəxsin adı yer alıb ki, onların içərisində Suriya prezidentinin həyat yoldaşı Əsma Əsəd də var. Britaniya diplomatlarının sözlərinə görə, AB-nin sanksiyasına baxmayaraq, Ə.Əsəd İngiltərə vətəndaşı olduğundan ölkəyə gələ bilər. Yerli kütləvi informasiya vasitələri isə bildirirlər ki, Britaniyanın Daxili İşlər Nazirliyi Suriya prezidentinin həyat yoldaşının birləşmiş krallığa baş çəkməsi ilə bağlı fövqəladə plan hazırlamaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə