Bu gün Atçılıq Federasiyasında mətbuat konfransı keçirilib

Bu gün Atçılıq Federasiyasında mətbuat konfransı keçirilib

Bu gün Sərhədçi Olimpiya İdman Kompleksində yerləşən Atçılıq Federasiyasında adıçəkilən federasiyanın baş katibi Bəhruz Nəbiyev mətbuat nümayəndələrinə müsahibə verib. Siasport.az saytının məlumatına görə, tədbirin məqsədi Azərbaycan jokeri Camal Rəhimovun Londonda keçiriləcək 2012-ci Olimpiadasına vəsiqə qazanması və ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin \"İdman İli\" elan olunması ilə əlaqədar bu il keçiriləcək çempionatlar haqqında informasiya vermək oldu. Bundan əlavə, Bəhruz Nəbiyev 2011-ci ildə görülən işlərin yekunu ilə bağlı məlumat verdi. Baş katib görülən bütün işlərdən danışarkən bunları vurğuladı: "2011-ci ildə digər iki ildən fərqli olaraq, beynəlxalq yarışların sayını iki dəfə artırdıq. 2011-ci ildə 8 beynəlxalq yarış və 4 turnir keçirildi. Həmin beynəlxalq yarışların hər biri isə Olimpiya oyunlarına xal verən yarışlar olub. Azərbaycan Atçılıq Federasiyası beynəlxalq turnirdə "C" qrupunda çıxış edir. Həmin qrupda isə 29 ölkə Şərqi Avropa və Asiya dövlətlərini təmsil edir. Həmin ölkələrdən 3 minə yaxın idmançı iştirak edirdi və onlardan ən çox xal toplayan iki idmançı olimpiya oyunlarına vəsiqə əldə edə bilərdi. Çox gözəl haldır ki, Azərbaycan jokeri Camal Rəhimov 1525 xalla 1 yerdə qərarlaşaraq London Olimpiadasına lisenziya əldə etdi. Bundan başqa qeyd etmək istəyirəm ki, 2012-ci ildə də İdman İli ilə əlaqədar olaraq yarışlar keçirmək istəyirik, belə ki, bu il də 8 yerli çempionat baş tutmağı gözlənilir. Yerli idmana da xüsusi yer verilib. Artıq Qəbələdə Atçılıq mərkəzi tikilərək istifadəyə verilib. Beynəlxalq yarışlara gəldikdə isə çaparlarımız bu il Ukraynada və Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək yarışlara hazırlaşır".


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə