Ağasəlim Mircavadov Berti Foqtsu "topa tutdu!"

Ağasəlim Mircavadov Berti Foqtsu "topa tutdu!"
Futbol üzrə Azərbaycan millisinin Fələstin yığmasına 0:2 hesabı ilə məğlub olması, hələ də müzakirə predmeti olmaqda davam edir. Siasport.az saytı xəbər verir ki, millinin sükanı arxasında Berti Foqtsun Azərbaycan futboluna növbəti "töhfəsi" sayılan bu nəticə, daha çox millimiz adına biyabırçılıq sayılmalıdır.
Yerli futbol mütəxəssislərimiz də bu barədə öz fikirlərini mətbuatda dilə gətirməkdən çəkinmirlər. "Mən Berti Foqtsun yığmamızı Dubaya apardığını öyrənəndə elə zənn etdim ki, orada rəqibləri məğlub edib futbolçularda qələbə ruhunu artırmaq istəyir. Çünki həmin yığmalarla – Sinqapur, Hindistan və Fələstinlə oyunda hamı komandamızın qələbə qazanacağını düşünürdü. Lakin Fələstinə uduzdular. Niyə məğlub olduqlarının səbəblərini onlar özləri yaxşı bilər."
Bu açıqlama ilə mətbuatda çıxış edən Azərbaycan millisinin keçmiş baş məşqçisi Ağasəlim Cavadov hesab edir ki, hər bir oyunda məqsəd olmalı idi. Onun fikrincə, əgər gənc futbolçuları yoxlamaq məqsədi güdülürsə, onda mütləq ortabab komandalarla oynamağa üstünlük verilməlidir. Onda onların nəyə qadir olduqlarını daha yaxşı görmək olardı:
" Şəxsən mən öz zamanımda belə etmişəm. Fələstinlə oyun zamanı mən U-21-lərimizin oyununu meydandan canlı izləyirdim. Yoldaşlarımdan biri əsas yığmamızın 0:1 hesabıyla uduzduğunu deyəndə inanmadım. Elə bildim ki, mənimlə zarafat edir. Nəticədən xəbər tutduqda isə özümü çox pis hiss etdim."-deyə A.Mircavadov fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə