Ayxan Mamoyev: “Yeniyetmələr arasında keçirilən çempionat mənim son şansım idi”

Ayxan Mamoyev: “Yeniyetmələr arasında keçirilən çempionat mənim son şansım idi”
Bakıda karate üzrə yeniyetmələr arasında 39-cu Avropa Çempionatında Azərbaycan idmançıları 3 medal qazanıb. 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Asiman Qurbanlı və 74 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mamoyev fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Qızlardan isə İlhamə Qasımlı bürünc medala sahib olub. Avropa çempionumuz Ayxan Mamoyev, SƏS TV-yə müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:
"Mən ilk dəfə karate idman növünə 7 yaşımda getmişəm, bu günə qədər çoxlu turnirlərə qatılmışam. Karate qeyri olimpiya idman növü olduğu üçün bu yarışda ən böyük nəticələr Avropa və Dünya çempionatı olur. İlk dəfə keçən ilin Oktyabr ayında ilk Malayziyanın Malaka şəhərində keçirilən Dünya Çempionatında ən yüksək pilləyə qalxdım, bu mənim ən böyük arzularımdan biri idi. Bu günlərdə Bakıda keçirilən 39 cu Gənclər və Yeniyetmələr arasında Avropa Çempionatına qatıldıq. Bu yarışa biz 3 ay idi hazırlaşırdıq, çox çətin oldu, hazırlıqlarımız çətin keçirdi. Dünya Çempionatından qayıdan kimi dərhal hazırlaşmağa başladıq və ayın 10,11,12-də bu yarışa start verildi və 3 gün davam etdi. Yarışa Azərbaycandan 25 idmançı qatıldı və biz 18-20 yaşlar arasındakı idmançılar çempionata sonuncu gün qoşulduq. Və mən 5 döyüş keçirdim, birinci rəqibim İspan idmançı oldu, onu 11:3 hesabı ilə məğlub etdim. Bu təmiz qələbə demək idi. Çünki karatedə 8 xal fərq olursa döyüş saxlanılır vaxtından asılı olmayaraq. İkinci döyüşdə Bosniyalı idmançı ilə qarşılaşdım,o, da Avropa birincisi idi onu da 8:0 hesabı ilə məğlub etdim. 3-cü qarşılaşmam Makedoniyalı idmançı ilə oldu, onunla biraz çətin mübarizə apardım və 2:0 hesabı ilə məğlub etdim. Yarımfinalda rus idmançısı ilə görüşdüm, bu demək olar mənim ən çətin rəqibim idi. Hesab 6:5 oldu və mən finala çıxdım. Finalda hollandiyalı, lakin əsli türk olan idmançı ilə qarşılaşdım, onu da şükürlər olsun ki, 8:0 hesabı ilə məğlub edərək çempion oldum. Bu mənim gənclər arasında keçirdiyim sonuncu görüşüm idi. Artıq, böyüklər arasında keçiriləcək çempionatlarda çıxış edəcəm. Mənə böyük etimad bəslənirdi bu çempionatda və mən bunun öhdəsindən gələ bildim. Allah qoysa gələn ay məni böyüklər arasında Hollandiyada keçiriləcək Liqa gözləyir. İnşallah ora hazırlaşırıq. Fürsətdən istifadə edib, Federasiyanın prezidenti Yaşar Bəşirova öz minnətdarlığımı bildirirəm. Füzuli Musayevə,Ülvi Quliyevə, üzərimdə əziyyət çəkən müəllimlərimə- Rəhman müəllim, Anar müəllim, ilk müəllimim olan və üzərimdə böyük əməyi olan Şahin müəllimə təşəkkür edirəm. Bizi bu çempionata hazırlaşdıran 4 qat dünya, 10 qat Avropa Çempionu Rəfail müəllimə minnətdaram."
Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə