Türkiyədə sonuncu yoldaşlıq oyununda penaltilərlə uduzan “Xəzər Lənkəran” vətənə qayıdır

Türkiyədə sonuncu yoldaşlıq oyununda penaltilərlə uduzan “Xəzər Lənkəran” vətənə qayıdır

Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən "Xəzər Lənkəran" klubu, dünən axşam sonuncu yoldaşlıq oyununu keçirib.

Klubun mətbuat xidmətindən siasport.az saytına verilən xəbərə görə, təlim-məşq toplanışı çərçivəsində 5-ci oyununu Rusiyanın birinci divizion təmsilçisi "Şinnik"(Yaroslavl)la keçirən cənublular, "Gloria" otelinin futbol meydançasında qarşı-qarşıya gəliblər.

Qeyd edək ki, oyunda iki dəfə Azərbaycan klubunun qapısına penalti təyin olunub. Beləliklə, görüşün ikinci dəqiqəsində Yaroslavl komandası penalti zərbəsi ilə oyunda hesabı açıb.

45-ci dəqiqədə isə "Xəzər Lənkəran"ın qapısına növbəti penalti təyin olunur və bu imkandan da rəqib layiqincə yararlana bilib. Görüşün 69-cu dəqiqəsində hücumu bir qədər də artıran ruslar 3-cü qolu cənubluların qapısından keçirməyə müvəffəq olublar.

Üçüncü qoldan 6 dəqiqə keçmiş yenə bir penalti zərbəsi qazanan "Şinnik" komandasının futbolçuları bu imkandan istifadə edə bilməyib.

Xatırladaq ki, "Xəzər Lənkəran" oyunda özünü heç də pis göstərməyib. Bir neçə dəfə rəqib qapısına zərbə endirən Lənkəran təmsilçilərinin sadəcə bəxti gətirməyib. Sonda Subaşiçə qarşı olunan kobudluq zamanı Yaroslavl təmsilçisinin qapısına təyin olunan penalti zamanı, top hücumçunun özünün zərbəsi ilə qapıya yol tapıb.

Sonda onu da qeyd edək ki, "Xəzər Lənkəran"ın Antalyda təlim-məşq toplanışı zamanı keçirdiyi son yoldaşlıq oyunu 3:1 hesabı ilə Rusiyanın "Şinnik" komandasının xeyrinə başa çatıb.

Məlumat üçün bildirək ki, artıq komanda vətənə qayıdır. Bu haqda növbəti xəbərlərimizdə məlumat verəcəyik.


Orxan Faiqov


Bütün xəbərlər Facebook səhifəmizdə