Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotur keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Beynəlxalq Velosiped İdmanı Federasiyasının prezidenti Pat Makuayd jurnalistlərə bildirib. Federasiyanın başçısı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə çox populyar olan bu idman növünün inkişafına böyük əhəmiyyət verir. Azərbaycan qısa müddətdə velosiped yarışlarında yaxşı nəticələrə nail olub. Ötən il Azərbaycan təmsilçisi Yelena Çalıx 2012-ci il Olimpiya oyunlarına lisenziya qazanıb. Beynəlxalq Velosiped İdmanı Federasiyasının nümayəndəsi Albert Rober bildirib ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar velotur mayın 10-da start götürəcək və beş gün davam edəcək. Yarışlarda 23 yaşınadək idmançılar iştirak edəcəklər. Velotura hər birində 6 velosipedçi olmaq şərti ilə 20 komandanın qatılacağı gözlənilir. Beş mərhələdə keçiriləcək yarışların finalı Bakıda olacaq. Yarışların birinci turu Azadlıq meydanından başlayıb Zığ şosesi ilə davam edəcək və ölkənin baş meydanında başa çatacaq. İkinci tur Lökbatandan İsmayıllıyadək davam edəcək. Üçüncü tur Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə keçiriləcəkdir. İdmançılar dördüncü turda iştirak etmək üçün avtobuslarda İsmayıllıya gələcək, oradan yaxınlıqdakı regionların ərazisində yarışmaq üçün start götürəcəklər. Nəhayət, yekun beşinci tur Bakıda keçiriləcək. Beynəlxalq veloturda bütün qitələrdən, o cümlədən ABŞ, Avstraliya, Avropa və Asiyadan komandalar iştirak edəcəklər. Albert Rober Azərbaycan paytaxtının relyefinin unikallığını diqqətə çatdıraraq, bu halın dünya səviyyəli yarışların keçirilməsi üçün maraq doğurduğunu vurğulayıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Namiq Əliyev bildirib ki, federasiya rəhbərliyi veloturun ənənəvi xarakter daşıyacağına və illər keçdikcə dünyada ən populyar veloturlardan birinə çevriləcəyinə ümid bəsləyir. Turnirin sponsorları Türkiyənin "Turkish Airlines" aviaşirkəti və Almaniyanın "Volkswagen" avtokonserni olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB