London Olimpiadasına taekvondo üzrə son vəsiqələri verən Avropa təsnifat turniri başlayıb

London Olimpiadasına taekvondo üzrə son vəsiqələri verən Avropa təsnifat turniri başlayıb

Rusiyanın Kazan şəhərində taekvondo üzrə London Olimpiadasının Avropa təsnifat turnirinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Taekvondo Federasiyasından SİA-ya verilən xəbərə görə, turnirin fəxri qonağı, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti və Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış edib və idmançılara uğurlar arzulayıb. Sonra bədii hissə və turnirin final görüşləri keçirilib.

Yarışın ilk günü qadınlar 49 kq çəki dərəcələrində, kişilər isə 58 kq-da mübarizə aparıblar. Turnirdə 39 ölkədən 120 idmançı iştirak edir.

Yanvarın 28-də Azərbaycan taekvondoçuları Təvəkkül Bayramovla (80 kq-dan yuxarı çəki dərəcəsi), Günay Ağakişiyeva (57 kq) mübarizəyə qoşulacaqlar. T. Bayramov yarışa ikinci mərhələdən başlayacaqdır. G. Ağakişiyevanın (57 kq) ilk rəqibi isə irlandiyalı idmançı Sonya Makkonel olacaqdır.

Avropa Olimpiya təsnifat turnirinin mükafatçıları London Yay Olimpiya Oyunlarında iştirak edəcəklər.

Təsnifat turnirinə ayın 29-da yekun vurulacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə