Rövnəq Abdullayev Sankt-Peterburqda Yozef Blatterlə nədən danışıb?

Rövnəq Abdullayev Sankt-Peterburqda Yozef Blatterlə nədən danışıb?
AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə FİFA-nın prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilib. Siasport.az saytı xəbər verir ki, son illər ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər barədə dünya futbol qurumunun rəhbərinə məlumat verən AFFA-nın prezidenti bu sahədə dövlət başçısı İlham Əliyevin qayğısını xüsusilə qeyd edib və bildirib ki, ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına daim diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə son illər infrastrukturun genişləndirilməsi istiqamətində xeyli işlər görülüb: "Ölkəmizdə stadionlar inşa olunur. Dövlət başçısının və sizin iştirakınızla ötən il Olimpiya stadionunun təməlqoyma mərasimi keçirilib. AFFA-nın Futbol Mərkəzindəki "Dalğa Arena"nın açılışında isə siz də iştirak etdiniz."
İlk dəfə olaraq bu il ölkəmizdə keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatının yüksək səviyyədə təşkili üçün mütəmadi işlərin görüldüyü FİFA prezidentinin diqqətinə çatdırılıb. AFFA-nın prezidenti vurğulayıb ki, ölkə başçısı bu mötəbər çempionatın da lazımi səviyyədə keçirilməsini həmişə nəzarətdə saxlayır, müvafiq tapşırıqlarını verir və həyata keçirilən tədbirlərlə mütəmadi qaydada tanış olur:
"Ölkə rəhbərinin Sərəncamı ilə Azərbaycanda 2012-ci ilin İdman ili elan olunması dövlətin idmana son dərəcə böyük qayğısının məntiqi nəticəsidir. Bu çempionatın başlanma vaxtını göstərən sayğacın isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən işə salınması ölkə ictimaiyyəti arasında böyük rezonansa səbəb olub. Bir sözlə, biz FİFA ilə əməkdaşlığımızı daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışırıq."
Dünya çempionatı ilə bağlı görülən işləri əks etdirən videoçarxlar beynəlxalq futbol qurumu rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla bağlı çap olunan kitablar qonaqlara təqdim olunub. Azərbaycanda keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatı ilə bağlı hazırlıq işlərindən razı qaldığını deyən FİFA-nın prezidenti Yozef Blatter qeyd edib ki, mən buna əvvəlcədən də əmin idim. Çünki dövlətinizin başçısı İlham Əliyevin idmana, xüsusilə də futbola olan sevgisini və bunun inkişafına necə böyük həvəslə çalışdığını yaxşı bilirəm. Bundan əlavə, çempionatla bağlı təqdim etdiyiniz sosial və mədəni proqramlar da bizi sevindirir. Buna görə də tam əminliklə deyə bilərəm ki, bu cür layihələr çempionata xüsusi töhfə verəcəkdir. Mundial ilə bağlı mütəmadi olaraq Azərbaycana səfər edən FİFA nümayəndələrinin hesabatları bu işə necə böyük məsuliyyətlə yanaşdığınızı bir daha təsdiqləyir. Y.Blatterin ölkəmizə bütün səfərlərinin futbolun inkişafı və əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyən R.Abdullayev onu dünya çempionatının açılış mərasiminə dəvət edib. AFFA-nın prezidentinin bu dəvətini məmnuniyyətlə qəbul edən beynəlxalq futbol qurumunun rəhbəri bu il sentyabrın 22-də Azərbaycana səfər etməyi nəzərdə tutduğunu bildirib. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə