Bu gün Çelenc Kubokunda 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib. Bu mərhələdə təmsilçimiz "İqtisadçı" növbəti oyununa çıxıb. Bakı İdman Sarayında keçirilən qarşılaşmanın nəticəsini öncədən proqnozlaşdırmaq çətin idi. İlk görüşdə İtaliyanın "Yamamay" klubuna 3:0 hesabı ilə məğlub olan "İqtisadçı" növbəti mərhələyə yüksələcəyi üçün eyni nəticəni, lakin bu dəfə qələbə şəklində cavab qarşılaşmasında təkrarlamalı idi.
Buna baxmayaraq, təmsilçimiz elə ilk setdən növbəti mərhələ arzusunun üzərindən xətt çəkib. Komandamız birinci hissənin əvvələrində rəqibindən üstün oyun nümayiş etdirsə də, italyanlar setin gedişində qarşılaşmada dönüş yaratmağı bacarıblar: 21:25. Bununla belə, "İqtisadçı" ikinci hissədə rəqibini məğlub edib: 25:20.
Artıq növbəti mərhələyə vəsiqəni təmin edən "Yamamay" üçüncü setdə yenidən klubumuzdan üstün olub: 19:25. İqtisadçı növbəti mərhələyə yüksəlmək şansını itirsə də, rəqibinə sonadək müqavimət göstərib. Tələbələr dördüncü seti 25:18 hesabı ilə irəlidə bitiriblər.
Həlledici 5-ci setdə isə italyanlar çətinliklə də olsa, qələbə qazanıblar: 13:15. Beləliklə, kifayət qədər gərgin keçən qarşılaşma sonda İtaliya klubunun "İqtisadçı" üzərində 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB