Azərbaycan cüdoçuları yanvarın 14-də Almatıda başlanacaq "World masters" turnirində öz olimpiya perspektivlərini qəti şəkildə müəyyənləşdirə bilərlər. Siasport.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.Məlumata əsasən, yüksək reytinq sayəsində yarışa qoşulmuş altı atletimiz Qazaxıstanda ən yaxşı idmançıların iştirak edəcəyi turnirdə öz bacarıqlarını nümayiş etdirməyə çalışacaqlar. Buna görə də turniri kiçik dünya çempionatı adlandırmaq olar.
Keçən il Bakıda keçirilmiş sanballı yarışda tatami sahibləri Elnur Məmmədli (81 kiloqram) və Elxan Məmmədov (90 kiloqram) məharətlə çıxış edərək turnirin qalibləri olublar, İlqar Müşkiyev (60 kiloqram) və Tərlan Kərimov (90 kiloqram) isə bürünc mükafat qazanıblar. Növbəti "World masters" turnirində də elə bu dördlük çıxış edəcək. Qadınların yarışında isə Azərbaycanı Kifayət Qasımova (57 kiloqram) və Ramilə Yusubova (63 kiloqram) təmsil edəcəklər. Olimpiya seçimi baxımından qadın idmançılarımıza diqqət daha yüksək olacaq. Çünki gənclərimiz yüksək reytinq sayəsində Olimpiadaya vəsiqə qazanmışlarsa, K.Qasımova və R.Yusubova üçün hər şey elə də asan deyil. Oyunlara getmək üçün onlar səylərini artırmalıdırlar, buna görə də "World masters" onlar üçün həlledici turnir olmalıdır.
Eyni zamanda bir sıra cüdoçularımız medal iddiaçıları arasında başlıca idmançılar hesab olunurlar. Bu, ilk növbədə Olimpiya çempionu E.Məmmədliyə aiddir. Bütün diqqətini məhz Almatı turnirinə hazırlığa yönəltmək üçün o, Tokida keçirilmiş "Böyük dəbilqə" turnirində iştirak etməyib. Səbəbi aydındır, axı bu yarışda qələbə qazanmaq böyük nüfuz qazanmaq deməkdir, hələ üstəlik reytinqə əlavə olunan dörd yüz xal və altı min dollarlıq çek. Keçən ili Elnur məhz "World masters" turnirində qələbədən başladı və yəqin ki, onu təkrarlamaq pis olmazdı. Bundan başqa, Olimpiya oyunlarında öz iştirakını təmin etmiş atletlərin, demək olar ki, hamısı Almatıda çıxış edəcək, buna görə də mübarizə ikiqat maraqlı olacaq.
İdmançılarımız Qazaxıstanda müvəffəqiyyətlə çıxış etsələr, olimpiya seçiminin sonunda gərəksiz başağrısından yaxa qurtararaq Londona favoritlər kimi yollana bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB