Messi, Xavi, yoxsa Ronaldo?

Bu gün İsveçrənin Sürix şəhərində FİFA və "France Footbal" jurnalının versiyasına görə, dünyanın ən yaxşı futbolçusunun adına aydınlıq gələcək. Dünyanın ən yaxşı futbolçusu yığmaların baş məşqçiləri və kapitanları həmçinin jurnalistlərin səs verməsi nəticəsində müəyyənləşəcək.


Qeyd edək ki, dünyanın ən yaxşı futbolçusu adına namizədlərin sayı üç nəfərdir. Bunların hər üçü İspaniya çempionatını təmsil edən futbolçulardır. "Barselona" klubunun üzvləri Lionel Messi və Xavi, həmçinin "Real"ın futbolçusu Krişiano Ronaldo mükafatı əldə etmək üçün səs verənlərin onlara olan rəğbətinə ümid edəcəklər.


Yeri gəlmişkən əvvəllər Avropanın ən yaxşı futbolçusu üçün nəzərdə tutulmuş "Qızıl top" mükafatını "France Foobal" təqdim edirdi. Dünyanın ən yaxşı futbolçusu üçün nəzərdə tutulmuş "Brilliant top"u isə FİFA təsis etmişdi. Sonradan isə bu iki mükafat birləşdirildi. Son iki il "Qızıl top" mükafatını Lionel Messi şəxsi muzeyinə aparıb.


Kriştiano Ronaldo isə üç il bundan əvvəl "Mançester Yunayted"in şərəfini qoruyarkən bu nüfuzlu mükafata sahib çıxmışdı. Namizədlərdən sonuncusu Xavi isə əvvəllər bu mükafata layiq görülməyib. Buna baxmayaraq futbolçu son Avropa və dünya çempionatlarında qalib gələn İspaniya milllisinin əsas fiqurlarındandır. Elə "Barselona"da da Xavinin gördüyü işlər elə də az deyil. Buna görə də İspaniya mətbuatı "Barselona"da çox vaxt Messinin kölgəsində qalmağa öyrəşmiş Xavinin bu dəfə "Qızıl top"a sahib çıxacağını proqnozlaşdırır.


Kriştiano Ronaldonun mükafatı qazanmaq imkanları isə elə də yüksək dəyərləndirilmir. Hər şeyə isə bu gün Sürixdə aydınlıq gələcək. Bundan başqa Sürixdə daha 11 nominasiya üzrə ən yaxşı futbolçuların adları məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə