"Beşiktaş" "İsmət İnönü"də qalib gəldi, "Fənərbaxça" isə səfərdə vacib iki xal itirdi
Dünən Türkiyə Superliqası çərçivəsində bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Fənərbaxça" futbol klubu səfərdə "Orduspor"la qarşılaşıb. Əzəli rəqibi "Qalatasaray"ın bir gün öncə "Türk Telekom Arena"da "Böyükşehir Belediyyespor"la qarşılaşmada 4:2 hesabı ilə qalib gəlməsindən sonra, "cim bom"dan 2 xal geri qalan "Fənərbaxça"nın səfər qarşılaşmasından qələbə ilə dönməkdən başqa çarəsi yox idi. Lakin adlı-sanlı rəqibinə qarşı olduqca əzmkar və döyüşkən futbol nümayiş etdirən "Orduspor", "Qalatasaray"dan icarə əsasında heyətinə cəlb etdiyi rumuniyalı Stankunun qarşılaşmanın 18-ci dəqiqəsində vurduğu qol ilə hesabda irəli keçib. Vurulan qoldan sonra yavaş-yavaş özünə gələn "sarı kanarya", qarşılaşmanın 50-ci dəqiqəsində Əmrə Belazoğlunun cavab qolu ilə hesabı bərabərləşdirsə də, İstanbul nəhənginin qələbə topunu vurmağa gücü çatmayıb. Digər İstanbul nəhəngi olan "Beşiktaş" isə "İsmət İnönü"də "Eskişehirspor"la qarşılaşıb. Olduqca gərgin keçən qarşılaşmada tərəflər nə qədər cəhd etsələr də birinci hissədə qol vurmağa nail ola bilməyiblər. Yalnız ikinci hissə başlayan kimi, "qara qartal" var gücü ilə rəqib üzərində hücuma keçməyə başlayıb. Artıq bu hücum taktikası qarşılaşmanın 55-ci dəqiəsində öz nəticəsini göstərib. Belə ki, Sivok baş zərbəsi ilə vurduğu gözəl qol ilə rəqib qapısını silkələyib. Qarşılaşmanın 77-ci dəqiqəsində isə Mustafa Pektemek ikinci topu rəqib qapısından keçirərək "Beşiktaş"ın "Eskişehirspor" üzərindəki 2:0 hesablı qələbəsini rəsmiləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB