Azərbaycan klublarına inanılmaz təklif

Azərbaycan klublarına inanılmaz təklif

"Bernd Şuster, Luis Araqones və Hüqo Sançeslə əməkdaşlığa başlamışam". Bu sözləri Fanat.az-a Azərbaycanda fəaliyyət göstərən türk menecer Yusuf Uncular deyib. Türk menecer adıçəkilən məşqçiləri Azərbaycana gətirə biləcəyini bildirib.

"Onlarla əməkdaşlıq edirəm. Təklif olsa, bu məşqçiləri Azərbaycana gətirə bilərəm. Düzdür, onlar kifayət qədər bahalı mütəxəssislərdir. Amma danışıqlarla qiyməti Azərbaycan reallığına uyğunlaşdırmaq mümkündür. Hər şey danışıqdan aslı olacaq", - deyə o vurğulayıb.


Uncular məşqçilərdən başqa tanınmış futbolçuları da Azərbaycan klublarına gətirə biləcəyini deyib: "Bir sıra tanınmış futbolçuların menecerlik hüququ məndədir. Onları Azərbaycan klublarına gətirmək mümkündür. Təklif olsa, baxışa da gətirə bilərəm".

Qeyd edək ki, almaniyalı Bernd Şuster məşqçi karyerası ərzində Almaniyanın "Fortuna" (Köln) "Köln", Ukraynanın "Şaxtyor", İspaniyanın "Xeres", "Levante", "Xetafe" və "Real" (Madrid) klublarında çalışıb. Onun son iş yeri "Beşiktaş" olub. Şuster 4 dəfə İspaniya çempionluğunu, kubokunu və Super Kubokunu qazanıb.


73 yaşlı Luis Araqones İspaniyanın "Atletiko", "Betis", "Barselona", "Espanyol", "Sevilya", "Valensiya", "Real Ovyedo", "Malyorka" klublarını çalışdırıb. 2004-2008-ci illərdə İspaniya yığmasına başçılıq edən ispan mütəxəssisin son iş yeri "Fənərbaxça" olub. 4 dəfə La Liqanın qalibi olan, İspaniya "Kral Kuboku"nu və Super Kubokunu qazanan mütəxəssis 2008-ci ildə Avropa çempionluğu yaşayıb.


Vətənində UNAM və "Necaxa" klublarını çalışdıran meksikalı Hüqo Sançes 2006-2008-ci illərdə Meksika yığmasını çalışdırıb. Baş məşqçi kimi son iş yeri İspaniyanın "Almeriya" klubu olan 53 yaşlı mütəxəssis hazırda Madrid "Real"ında menecer kimi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə