Naxçıvanda “Prezident Kuboku” uğrunda çempionatların qalibləri mükafatlandırılıblar
Naxçıvanda "Prezident Kuboku" uğrunda boks, şahmat, güləş, kikboksinq və karate-do idman növləri üzrə muxtar respublika çempionatları başa çatıb. Siasport.az saytı xəbər verir ki, dünən Naxçıvan Olimpiya-İdman Kompleksində qalib komandalara mükafatların təqdim olunması mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasimdə iştirak edib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlərin muxtar respublikanı da əhatə etdiyini, bu sahənin maddi-texniki bazasının gücləndirildiyini bildirib. Qeyd olunub ki, bu il dekabrın 15-dən 22-dək boks, şahmat, güləş, karate-do və kikboksinq idman növləri üzrə "Prezident Kuboku" uğrunda muxtar respublika çempionatları keçirilib. Bu çempionatlarda boks üzrə 7 komandada 100, şahmat üzrə 8 komandada 70, güləş üzrə 6 komandada 80, karate-do üzrə 7 komandada 60 və kikboksinq üzrə isə 5 komandada 110 idmançı mübarizə aparıblar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasim iştirakçılarını və gəncləri salamlayaraq, möhtəşəm idman tədbirinin bütün iştirakçılarını və qaliblərini təbrik edib və təşkilatçılara öz təşəkkürünü bildirib. "Prezident Kuboku" uğrunda Naxçıvan Muxtar Respublikası çempionatları, birinci növbədə, onu göstərdi ki, idman ictimaiyyətində, gənclik mühitində, ümumilikdə muxtar respublika əhalisi arasında ölkə rəhbərinə hədsiz məhəbbət və tükənməz ehtiram vardır. Məhz bu səbəbdən çempionatlar böyük ictimai marağa səbəb olub, kütləviliyi ilə seçilib, əsl idman bayramına çevrilib. İdman yarışlarında kütləviliyin bir səbəbi də bu yarışların ən müasir avadanlıqların və standartların tətbiq olunduğu, ən yeni idman infrastrukturunun yaradıldığı bir məkanda keçirilməsidir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər göz qabağındadır. Bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyi ilə bağlı müəyyənləşdirdiyi siyasətin və bu siyasətin uğurla davam etdirilməsinin bəhrələridir. Qeyd olunub ki, xalqımızın dahi rəhbəri daim Azərbaycanın gələcəyini düşündüyü üçün onun gəncliyinin yetişməsi vacibliyini də diqqət mərkəzində saxlayıb, bu məsələni ümummilli vəzifələr sırasına çəkərək deyib: "Bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaq, Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir".
Sonra Ali Məclisin sədri Vasif Talıbov boks, şahmat, güləş, karate-do və kikboksinq idman növləri üzrə "Prezident Kuboku" uğrunda keçirilən muxtar respublika çempionatında ilk 3 yeri tutan komandalara diplom və mükafatları təqdim edib. Beynəlxalq Şahmat Federasiyası - FİDE ustası normasını ödədiyinə görə Naxçıvan şahmatçısı Talıb Babayevə FİDE ustası sertifikatı təqdim olunub. Mərasim konsert proqramı ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB