Şərurda kikboksinq üzrə muxtar respublika çempionatı başa çatıb

Şərurda kikboksinq üzrə muxtar respublika çempionatı başa çatıb

Şərur Olimpiya-İdman Kompleksində "Prezident mükafatı" uğrunda kikboksinq üzrə muxtar respublika çempionatı keçirilib.

Siasport.az saytının verdiyi məlumata görə, yarışın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bədən tərbiyəsi və idmana qayğı ilə yanaşıb, bu sahənin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib. Ulu öndərimizin əsasını qoyduğu dövlət idman siyasəti bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Bu gün Azərbaycan idmanının maddi-texniki bazası sürətlə gücləndirilməkdədir", – deyən nazir yarış iştirakçılarının diqqətinə çatdırıb ki, hər il idmançılarımız beynəlxalq yarışlarda qızıl, gümüş, bürünc medallar qazanırlar. Vurğulanıb ki, ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər çərçivəsində muxtar respublikada da bu sahənin maddi-texniki bazası möhkəmləndirilib.

Azad Cabbarov çıxışının sonunda yarışda mübarizə aparan idmançılara keçirəcəkləri görüşlərdə uğurlar arzulayıb.

Sonra yarışa start verilib. Çempionatda üç yaş qrupunda 14 çəki dərəcəsi üzrə 110 idmançı mübarizə aparıb. Azarkeşlərin alqışları altında davam edən final görüşləri əsl idman mübarizəsi şəraitində keçib.

Yarış başa çatdıqdan sonra qalib idmançılara çempionatın təşkilatçıları tərəfindən qiymətli hədiyyələr verilib. Həmçinin yarışın hakimləri də təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə