Elxan Məmmədov: “Legioner limiti İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq”
AFFA-nın baş katibi Elxan Məmmədov son günlər tez-tez müzakirə olunan legioner limiti ilə bağlı məsələyə münasibətini bildirib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədov legioner limiti ilə bağlı məsələ hər zaman müzakirə obyekti olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ölkə çempionatında limit 8 legioner və 3 yerli futbolçu şəklində təsbit olunub: "Bununla belə, AFFA yerli gənc futbolçuların daha çox və mütəmadi oynamasına şərait yaratmaq məsələsini diqqət mərkəzində saxlayır. Müxtəlif yaş qruplarından ibarət yığma komandaların, eləcə də millinin heyətinə cəlb olunan futboçuların seçim prosesində məşqçilərin imkanlarının genişlənməsi istiqamətində AFFA müxtəlif addımlar atır, müvafiq qərarlar qəbul edir".
AFFA rəsmisi yerli futbolçulara daha çox oynamaq imkanının verilməsini vacib hesab edərək düşünür ki, Unibank Premyer Liqasında çıxış edən hər bir klubun əsas heyətində bütün oyunlarda yaşı 21-dək olan bir futbolçu mütləq meydana çıxmalıdır: "Həmin futbolçu əvəzlənəcyi təqdirdə də, məhz yaşı 21-ə qədər olan yerli futbolçu ilə əvəzlənməlidir. Yəni 90 dəqiqə ərzində meydanda qeyd olunan yaşda yerli futbolçu oynamalıdır. Təbii ki, bu zaman legioner limitində də dəyişiklik edilməli və limit 7+4 şəklində olmalıdır. Bu sistemin tətbiqi milli komandanın heyətinin komplektləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir".
E. Məmmədov onu da qeyd edib ki, artıq üç ildir AFFA tərəfindən "Azercell U-17 Liqa" keçirilir və bu liqada çıxış edən yeniyetmələrin futbolçu kimi yetişməsi üçün onlar mütəmadi şəkildə bu və ya digər komandanın heyətində oynamalıdırlar: "Ümid edirəm ki, ölkə çempionatının oyunlarında gənc futbolçuların mütləq qaydada heyətə daxil olunması ilə bağlı məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq və komitənin üzvlərinə geniş hesabat təqdim olunacaq. Bununla əlaqədar müsbət qərar çıxarılarsa, 2012-2013-cü il mövsümündə qeyd olunan sistemin tətbiqinə başlanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB