"Rabitə" voleybol klubu Çempionlar Liqasında növbəti oyununa çıxıb. SİA-nın verdiyi məlumata görə, Zoran Qayiçin yetirmələri III tur çərçivəsində "Fənərbaxça"nın qonağı olublar.
Oyun gözlədiyimizin əksinə olaraq \"Rabitə\" üçün uğursuz alınıb. Bu mövsüm istər ölkə daxili, istərsə də beynəlxalq matçlarda məğlubiyyət acısı yaşamayan son dünya çempionlarının duelində voleybolçularımızın bəxti gətirməyib.
Oyuna rəqib fəal başlayıb. "Sarı kanariyalılar" ilk setdə hər 2 texniki fasiləyə öndə yollanıblar (8:4, 16:8). Hətta yerli fanatların dəstəyi ilə türklər fərqi 9 topa çatdırıb – 21:12. Lakin bundan sonra öz oyununu tapan Zoran Qayiçin yetirmələri "Fənərbaxça"ya çətin anlar yaşadıblar. Onlar fərqi 4 topa kimi azaltsalar da (19:23), sonda hissəni İstanbul təmsilçisi aktivinə yazıb – 25:20.
İkinci set daha gərgin keçib. "Rabitə" texniki fasilələrdə də öndə olub (8:6, 16:14). Lakin bundan sonra xalaxal prinsipi ilə davam edən görüşdə voleybolçularımızın son anda səhvləri "Fənərbaxça"nın xeyrinə işləyib və onlar seti 29:27 hesabı ilə öndə bitiriblər.
Üçüncü hissə isə sonuncu olub. Artıq ruhdan düşən "Rabitə" əvvəlki setlərlə müqayisədə daha az xal toplayıb və 0:3 hesabı ilə uduzub.
Bu qələbə "Fənərbaxça"nı qrup liderliyinə yüksəltməklə yanaşı, pley-offa vaxtından öncə də yüksəlməsini rəsmiləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB