Cüdoçularımızın beynəlxalq reytinqləri ürəkaçan deyil...

Cüdoçularımızın beynəlxalq reytinqləri ürəkaçan deyil...
Tokioda "Böyük dəbilqə" turnirinin yekunlarına dair yeni reytinq açıqlanıb. Siasport.az saytı xəbər verir ki, bazar günü idmançıları Sindao şəhərində beynəlxalq mövsümü yekunlaşdıracaq Qran-pri yarışları gözləyir. Yaponiyada beşinci olmuş Kifayət Qasımova (57 kq) bir pillə geriləyərək, 13-cü yerə sahib olub. Olimpiadaya isə hər çəki dərəcəsində cəmi 14 iştirakçı vəsiqə qazanır. Odur ki, idmançımız öz perspektivləri barədə ciddi düşünməlidir. Özü də Kifayət rusiyalı İrina Zabludinanı cəmi 4 xal qabaqlayır, rəqibi, heç şübhəsiz, Kifayəti geridə qoymağa çalışacaq. Reytinqə isə Kifayəti "Böyük dəbilqə" turnirində məğlubiyyətə uğratmış Kaori Matsumoto liderlik edir, ikinci yeri onun komanda yoldaşı Aioko Sato tutur. Ramilə Yusifova (63 kq) da bir pillə geriləyərək, 15-ci yerlə kifayətlənib. Çində keçiriləcək Qran-pri yarışlarında onu qabaqlayarlarsa, idmançımız Olimpiadada iştirak etmək bir yana, yanvarda Almatıda keçiriləcək "World Masters" turnirinə qatılmaq şansını da itirə bilər. Kişilərin reytinqində isə İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) əvvəlki mövqelərində qalıb. İlqar 10-cu, Tərlan 13-cü yerdədirlər. Elnur Məmmədli (81 kq) itirdiyi üçüncü mövqeni geri qaytarıb, çünki onu qabaqlayan Takaxiro Nakai "Böyük dəbilqə" turnirində medalsız qalıb və bu fakt da idmançımızın reytinq cədvəlinə müsbət mənada təsir göstərib. Elxan Rəcəbli həmin çəkidə 22-ci yerlə kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə