Əmrə Belözoğlu Aykut Kocamanın “qara dəftərinə” düşdü...

Əmrə Belözoğlu Aykut Kocamanın “qara dəftərinə” düşdü...

İstanbulun "Fənərbaxça" futbol klubunda, "Trabzonspor"la keçiriləcək qarşılaşma ərəfəsində xoşagəlməz situasiya hökm sürür. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatan son "Bursaspor" qarşılaşmasında "Fənərbaxça"nın iki futbolçusu,- Əmrə Belözoğlu və braziliyalı Kristian arasında oyun zamanı baş verən qarşıdurma, üstəlik Ə.Belözoğlunun baş məşqçi Aykut Kocamana yumruq zərbəsi endirməsi ilə bağlı yayılan xəbərlər, hələ də bu klubun daxilində gərginlik mənbəyinə çevrilib. Xüsusi ilə "Qalatasaray"la qarşılaşmada 1:3 hesablı məğlubiyyət acısı yaşayan komandada, hər kəsin əsəbləri tarıma çəkilmiş kimi görünür. Türkiyə mətbuatı isə, Ə.Belözoğlunun A.Kocamana yumruq atmasını müzakirə obyektinə çevirib. "Fanatik.com" idman saytı yazır ki, artıq elə indidən "Trabzonspor"la keçiriləcək qarşılaşmanın ilk 11-liyinə adı daxil edilməyən Ə.Belözoğlu, demək olar ki, "Mançester Siti"dəki Karlos Tevezin durumuna düşüb. Çünki artıq tam əminliklə demək olar ki, "Fənərbaxça"lı futbolçu da A.Kocamanın "qara siyahısına" düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə