Londonda Olimpiadaya hazırlıq məqsədi ilə güləş üzrə test yarışları keçirilib
İngiltərənin paytaxtı Londonda Olimpiadaya hazırlıq məqsədi ilə güləş üzrə test yarışları keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışların ilk günündə qadın və yunan-roma güləşçilərimiz çıxış ediblər. 48 kq-da Mariya Stadnik startda Rusiya, ikinci görüşdə Ukrayna idmançısını məğlub edərək finala çıxıb. Həlledici görüşdə güləşçimizin rəqibi Almaniya idmançısı olub. M.Stadnik bu görüşdən də başıuca ayrılmaqla qızıl medal qazanıb. Yarışda 55 kq-da Yuliya Ratkeviç mübarizəyə dörddəbir finaldan başlayıb və məğlub olub. Bürüncə gedən yolda Y.Ratkeviç uğurlu güləşib və yekunda Rusiya güləşçisini üstələyərək medal qazanmağı bacarıb. Rövşən Bayramov bu dəfə çəki salmayaraq, 60 kq-da mübarizə aparıb. Çinli rəqibinə qalib gələn R.Bayramov yarımfinalda Fransa təmsilçisinə uduzaraq bürünc uğrunda yarışmalı olub. Ancaq Danimarka güləşçisi ilə görüşdə uduzan Rövşən 5-ci yerlə kifayətlənib. 84 kq çəkidə mübarizə aparan Saman Təhmasibi də qızıl medal qazanmağı bacarıb. Belə ki, güləşçimiz İsveç, Türkiyə və Estoniya idmançılarını üstələyərək, finala çıxıb. Bu mərhələdə Ukrayna güləşçisi də həmyerlimizlə bacarmayıb. Sərbəst güləş yarışlarında Cəbrayıl Həsənov (66 kq) ilk görüşündə uduzsa da, sonradan bürünc qazanıb. Digər idmançımız Əşrəf Əliyev (74 kq) də bürünc medal qazanıb. Ən uğurlu çıxışı isə son dünya çempionatının qalibi Şərif Şərifov (84 kq) nümayiş etdirib. Ş.Şərifov Londonda da qızıl medala sahib olub. Test yarışları zamanı çempion olmuş Saman Təhmasibi (84 kq) yunan-Roma güləşi üzrə ən texnikalı və əzmkar güləşçi üçün təsis olunmuş xüsusi mükafata layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB